Eşitmə qüsurlulara dəstək layihəsi Azərbaycanda Amerikanın Ticarət Palatası (AMCHAM) tərəfindən korporativ sosial məsuliyyət sahəsindəki ən uğurlu təşəbbüs elan edildi.
“Nar Mobile” korporativ sosial məsuliyyət strategiyası sayəsində daha bir möhtəşəm nailiyyət əldə etdi. Belə ki, bu dəfə mobil operatorun eşitmə qüsurlu insanların cəmiyyətə inteqrasiya edilməsi məsələləri ilə bağlı layihələri Amerika Ticarət Palatasının KSM Komitəsinin təsis etdiyi nüfuzlu mükafatlara layiq görüldü.
Ən ciddi dəstək eşitmə qüsurluların işədüzəlmə problemi ilə bağlı layihəyə verildi. “Davamlılıq” nominasiyası üzrə irəli sürülmüş strategiya 176 mümkün xaldan 110 xal qazandı və dəyərli mükafatın Nar Mobile-a təqdim edilməsini təmin etdi. Bununla yanaşı, mobil operatorun irəli sürdüyü digər təşəbbüs - “Eşitmə qüsurlu insanlar üçün məktəb” layihəsi isə “Təhsil” nominasiyası üzrə 2-ci oldu və iştirakçıların böyük rəğbətini qazandı.
Eşitmə qabiliyyəti məhdud olan vətəndaşların cəmiyyətə inteqrasiya edilməsi “Nar Mobile” mobil operatorunun uzunmüddətli korporativ sosial məsuliyyət strategiyasının bir hissəsidir. Artıq bir neçə ildir ki, bu istiqamətdə mühüm işlər görmüş “Nar Mobile” nitq və eşitmə qüsurlu şəxslərə dəstək olur, onların sosial problemlərinin həllinə yardım edir, müxtəlif təhsil və məşğulluq proqramları işləyib-hazırlayır.
trend.az