Vətəndaşların müraciətləri yeni qanunla tənzimlənəcək
10.2.2015

Parlamentin komitə iclasında "Vətəndaşların müraciətləri haqqında" yeni qanun layihəsi müzakirə olunur.

Sözügedən qanun layihəsi parlamentin İnsan hüquqları komitəsinin fevralın 10-da keçirilən iclasının müzakirəsinə çıxarılıb.

Qanun layihəsi barədə ilk öncə məlumat verən adıçəkilən komitənin sədri Rəbiyyət Aslanova bildirib ki, demokratik cəmiyyətin ən vacib institutlarından biri nəzarət mexanizmidir.

Onun sözlərinə görə, belə nəzarət mexanizmindən biri və ən başlıcası da vətəndaşların bu və ya digər məsələ ilə, problemlə bağlı yuxarı orqanlara müraciət etməsidir, onları məlumatlandırmasıdır.

Vətəndaşların müraciət etməsinin onların konstitusion hüquqlarından biri olduğunu qeyd edən komitə sədri deyib ki, bununla vətəndaş 3 funksiyanı - müraciəti əsasında üzləşdiyi problemin aradan qaldırılması, yuxarı orqanları məlumatlandırmaqla informasiya vermə, həmçinin bu və ya digər məsələ ilə bağlı təşəbbüskar olma, mövqe ortaya qoyma funksiyalarını yerinə yetirmiş olur:

"Qeyd edim ki, vətəndaşların müraciətləri ilə hər birimiz üzləşirik - bizlər millət vəkilləri olaraq, icra strukturları, dövlət orqanları vətəndaşların problemlərinin həllinə birbaşa cavabdehlik daşıyan orqanlar, strukturlar olaraq və sair. Eyni zamanda, son illər ölkə Prezidenti cənab İlham Əliyevin də hər birimiz qarşısında qoyduğu ən mühüm tapşırıq və tələblərdən biri vətəndaşların müraciətlərinə baxılması, həmin müariciətlərin həllinə nail olunmasıdır.

Heç təsadüfi deyil ki, dövlət, icra strukurlarının rəhbərləri, nazirlər, komitə sədrləri də son vaxtlar yerlərdə - bölgələrdə intensiv və ardıcıl şəkildə qəbul günləri keçirir, vətəndaşları dinləyir və onların müraciətlərinin həllinə çalışırlar. Bu, demokratik cəmiyyət quruculuğu üçün ən vacib elementlərdən biridir.

Onu da nəzərinizə çatdırım ki, indiyə kimi bu məsələni 1997-ci ildə qəbul olunmuş "Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında" mövcud qanun tənzimləyirdi. Artıq həmin qanunun qəbulundan xeyli müddət keçib və bu dövr ərzində də cəmiyyətin həyatında xeyli dəyişikliklər, müsbət irəliləyişlər baş verib.

Odur ki, yeni dövrün reallıqları yeni qanunun qəbul olunması zərurətini orataya qoyub. Məhz bu səbəbdən də indi belə bir qanun layihəsi müzakirəmizə təqdim olunub. Bu sənəd əhatə dairəsinə görə əvvəlki qanundan qat-qat əhatəli və məzmunludur. Yeni qanun layihəsinin elə ilk cümləsindən nə qədər böyük dəyişikliyin olduğu görsənməkdədir. Ona görə hesab edirəm ki, bu sənədin bir daha təkmilləşdirilməklə plenar iclasın müzakirəsinə çıxarılması və qəbul olunması vacibdir".

R.Aslanovanın məlumatı dinlənildikdən sonra parlamentin müvafiq şöbəsinin əməkdaşı, eləcə də komitə üzvləri qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər

Gün.Az