“Sinam” şirkəti Qırğızıstanda yeni layihənin reallaşdırılmasında iştirak edəcək
11.2.2015

Azərbaycanın informasiya texnologiyaları şirkəti olan “Sinam” MMC bu il Qırğızıstanda yeni layihənin reallaşdırılmasında iştirak edəcək.

Bu barədə məlumat verən şirkətin prezidenti Elçin Əliyev bildirib ki, Qırğızıstanın Maliyyə Nazirliyi bu il Dövlət xəzinədarlığının avtomatlaşdırılmış idarəetmə sisteminin qurulması üçün növbəti tenderin keçirilməsini planlaşdırır. Qırğızıstanda digər layihələrlə bağlı uğurunu nəzərə alaraq, Maliyyə Nazirliyi tenderdə iştirak edəcək biznes subyektlərin siyahısına “Sinam” şirkətini də daxil edib.

Azərbaycanın Dövlət Xəzinədarlığında tətbiq olunan sistemin Bişkek şəhərində təqdimatı da bu qərarın verilməsində əsas faktorlardan biri olduğunu deyən E.Əliyev “Sinam”ın artıq bir dəfə “Free Balance” şirkəti ilə rəqabətdə tenderdə qalib çıxdığını xatırladıb.

Qeyd edək ki, “Sinam” Qırğızıstanda 2009-cu ildən fəaliyyətə başlayıb. Şirkət Mərkəzi Asiya regionunda yerləşən bu ölkədə 3 layihə həyata keçirib. Bu layihələr Dünya Bankının və Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə reallaşdırılıb.

Şirkət, həmçinin Qırğızıstanda Azərbaycanın “E-hökumət” istiqamətində müsbət imicinin formalaşması üçün əməli addımlar da atıb. Məsələn, 2014-cü ildə Azərbaycanın Maliyyə Nazirliyi Qırğızıstan hökumətinin təşəbbüsü ilə Bişkekdə elektron hökumət mövzusunda keçirilən konfransda bu sahədə ölkəmizin təcrübəsini qarşı tərəflə bölüşüb.

azertag.az