Azərbaycanda orta aylıq əmək haqqı 445 manatdır
12.2.2015

DSK məlumat yaydı.

2015-ci ilin yanvarın 1-nə olan məlumata görə, iqtisadiyyatda muzdla çalışan işçilərin sayı 1 milyon 516,1 min nəfər təşkil edib. Onlardan 884,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 631,7 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, muzdla işləyənlərin 22,2 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,8 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,1 faizi tikintidə, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,3 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Komitənin məlumatında qeyd olunur ki, 2014-cü ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 444,3 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

oxu.az