Azərbaycan əhalisinin sayı açıqlanıb
13.2.2015

Azərbaycan əhalisinin sayı ötən il 115,9 min nəfər və yaxud 1,2 faiz artaraq 2015-ci ilin əvvəlinə 9593,0 min nəfər olub.
Dövlət Statistika Komitəsinə istinadən verilən xəbərə görə, 2014-cü ildə əhalinin sayının ümumi artımı əsasən təbii artım hesabına baş verib.

Bununla yanaşı, miqrasiya artımı da müşahidə olunub və bu amil əhalinin ümumi artımının 0,9 faizini təşkil edib.

Ölkə əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 111 nəfər təşkil edir. Əhalinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür və hər 1000 kişiyə 1009 qadın düşür.

2014-cü ildə ölkədə 170,5 min körpə doğulub. Ötən il ərzində ölkədə 55,6 min ölüm halı qeydə alınıb.

Gün.Az