Mərkəzi Bank məzənnə siyasətini dəyişdi
16.2.2015

Mərkəzi Bankın İdarə Heyəti bu gündən etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib.

Məzənnə siyasətinin ABŞ dolları və Avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib.

Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcək.

Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcək.

Qeyd edək ki, valyuta səbəti müəyyən miqdarda götürülən xarici valyutaların toplusudur. Valyuta səbəti məzənnə siyasətinin həyata keçirilməsində istifadə olunur. Bu zaman Mərkəzi Bank milli valyutanın hər hansı bir xarici valyutaya qarşı deyil, səbətə daxil olan bir neçə valyutaya qarşı orta çəkili məzənnəsini tənzimləməyə çalışır.

Gün.Az