Türkiyəli müğənni Ferhat Göçer Türkiyə Futbol Federasiyasından (TFF) lisenziya alıb.
Əsl peşəsi həkimlik olan Ferhat Göçer daha çox müğənniliyi ilə tanınıb.
Amma onun futbola olan həvəsi isə heç də həkimlik və müğənnilikdən geri qalmır. Belə ki, Türkiyə çempionatının 2-ci liqa təmsilçisi “Sarıyer” klubunda idarə heyətinin üzvlərindən olan 44 yaşlı Ferhat Göçer artıq özü də rəsmi olaraq futbol karyerasına başlayıb.
Bu vaxta qədər həvəskar olaraq futbol oynayan məşhur müğənni, bundan sonra lisenziyalı futbolçu kimi yarışlarda da iştirak edəcək. Belə ki, F.Göçer gələn həftə start götürəcək TFF-nin “Master Liqa”sında çıxış edəcək “Üsküdar Masterler Futbol Klubu” ilə müqavilə imzalayıb.
Müğənni açıqlamasında bildirib ki, futbol həm oynayana, həm də izləyənə zövq verməlidir və bu işi professional şəkildə edənlər aldıqları maaşın qarşılığını layiqincə verməlidirlər:
“Mən pul məsələsini heç vaxt müzakirə etmərəm. Bu yaşımda bir çox layihəmi təxirə salaraq futbolçu lisenziyası aldım. Gələn həftədən etibarən “Master Liqa”da oynayacam. Çox yaxşı heyətimiz var. İnanıram ki, liqada çox uğurlu olacağıq. Hədəfimiz Türkiyə çempionu olmaqdır”, - deyə Ferhat Göçer bildirib.
Gün.Az