Ötən il Azərbaycana daimi yaşamaq üçün 1,9 min nəfər gəlib, 0,8 min nəfər isə ölkədən gedib
18.2.2015

Azərbaycanda gənclərin problemlərinin həllinə yönəldilmiş dövlət siyasətinin uğurla həyata keçirilməsi, yeni iş yerlərinin açılması və gənclərin iqtisadiyyata daha çox cəlb olunması miqrasiya saldosunun son illər ərzində müsbət olaraq qalmasına ciddi təsir göstərib.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, 2014-cü ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1,9 min nəfər gələn və 0,8 min nəfər ölkədən gedən qeydə alınıb.

Azərbaycana daimi yaşamaq üçün gələnlər arasında Rusiyadan gələn vətəndaşlar üstünlük təşkil edir. Belə ki, Azərbaycana daimi yaşamaq üçün gələnlərin ölkələr üzrə bölgüsünə gəlincə, onların 33,5%-i Rusiya, 26,4%-i Gürcüstan, 23,2%-i digər xaricxi ölkələrdən, 8,6%-i Türkiyədən, 4,4%-i Qazaxıstandan, 3,9%-i Ukraynadan gələnlərdir.

Azərbaycandan daimi yaşamaq üçün gedənlərin ölkələr üzrə bölgüsünə gəlincə, onların 55,7%-i Rusiyaya, 22,5%-i digər xarici ölkələrə, 12,5%-i Qazaxıstana, 4,9 %-i Türkiyəyə, 4,4%-i Ukraynaya gedənlərdir.

APA