Manat ucuzlaşsa da, Bakıda ev alan yoxdur...
18.2.2015

Manatın məzənnəsinin nisbətən aşağı düşməsi əhali arasında təlaş yaradıb. Artıq bəzi insanlar pullarını itirməmək üçün manatı dollara çevirməyə başlayıblar. Bu ajiotajdan sonra paytaxt Bakıda valyuta dəyişmə məntəqələrində dollar qıtlığının yarandığı bildirilir.

Ekspertlərin fikrincə, bu proses əmlak alqı-satqısından da yan keçməyəcək. İlkin ehtimallara görə, bu istiqamətdə alqı-satqı yalnız dollarla aparılacaq.

Hazırda mənzil bazarında durğunluq müşahidə olunur. Bunu AzVision.az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı da təsdiq edib. Onun sözlərinə görə, mənzil bazarında dinamikanın kəskin zəifləməsi prosesi baş verir və bunun fonunda qiymətlərin azalması müşahidə olunmaqdadır:

“Fevral ayı da daxil olmaqla, bu ilin iki ayında mənzil bazarında 10 faiz qiymət azalması var. Manatın məzənnəsindəki dəyişiklik, neftin qiymətindəki ucuzlaşmalar, Rusiya iqtisadiyyatında baş verən hadisələrin Azərbaycan bazarına təsiri hal-hazırda kuliminasiya nöqtəsindədir. Gələcək aylar üçün proqnoz verməyin elə də tərəfdarı deyiləm. Çünki qiymət azalmaları istiqamətində verilən proqnozların əksəriyyəti bazarda dinamikanın sıfıra enməsinə gətirib çıxarır. Mətbuatda dərc olunan yazılar ictimai rəyə çox ciddi təsir göstərir. Mənzil alıcısı olan şəxslər bazarda gözləmə mövqeyinə keçir”.

Manatın devalvasiyası ilə bağlı mənzilin dollar və yaxud da manatla satılmasına gəlincə, ekspert bildirib ki, mənzil bazarı spesifik bir sahədir və Azərbaycan mənzil bazarında bir qayda olaraq sövdələşmələr dollarla həyata keçirilir:

“Hətta mənzil alqı-satqısı ilə bağlı dərc olunan elanlara diqqət yetirsəniz, bunu özünüz də müşahidə etmiş olacaqsınız. Alıcı və satıcı bu vəziyyətə alışıb. Bir sıra satıcılar var ki, onlar müəyyən bir müddət ərzində manatın kursunun süni şəkildə möhkəmləndirilməsini əsas götürərək öz mənzillərini bazara manatla çıxarıblar və bu istiqamətdə müəyyən bir yenilik ediblər. Amma mənzil bazarında sövdələşmələr bir qayda olaraq dollarla aparılır və bunun dəyişməsi uzun illər gözlənilmir”.

azvision.az