Bu kitab rekord qırdı
19.2.2015

Böyük rus yazıçısı Lev Tolstoyun "Anna Karenina" romanının onlayn oxunuşu "Ən böyük auditoriyası olan oxu marafonu" kateqoriyasında Ginnessin Rekordlar Kitabına düşdü.

"Google" şirkəti və yazıçının Yasnaya Polyanadakı ev-muzeyinin birgə layihəsi olan bu onlayn qiraət 2014-cü ilin noyabrında başlanıb və 36 saat davam edib.

Onlayn oxuda 700 tolstoysevər iştirak edib. Marafon təkcə Rusiyada yox, Nyu-York, Los-Anceles, Tokio, Tel-Əviv və başqa dünya şəhərlərində də keçirilib.

Youtube-da canlı yayımlanan oxuda iştirakçılar estafeti bir-birindən alıb marafona davam edirdilər.

Marafona Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, jurnalist Leonid Parfyonov, aktyor Sergey Qarmaş və başqaları da qatılıblar.

Bundan sonra "Anna Karenina"nın "canlı nəşri"nə həsr olunan ayrıca sayt da yaradılıb.

Naviqasiya sistemi saytda romanın onlayn qiraətinin istənilən bölümünü seçməyə imkan verir.

Bununla yanaşı roman dəb, ölüm, şayiə, dəmiryolu, karyera və s. tematikalar üzrə də bölünüb. O dövrün dəbini anladan hissəni seçmək istəyirsənsə, buyur.

Bundan başqa, roman 4 musiqi temasına da bölünüb. İstəsəniz, oxunan parçaya uyğun mahnıya da eyni anda qulaq asa bilərsiniz.

Milli.az