Bakıda Özcan Denizin çəkdiyi filmin qala-gecəsi baş tutub
24.2.2015

Nizami Kino Mərkəzində növbəti qala-gecə baş tutub.

Mərkəz “Af Media” şirkəti ilə birgə Türkiyənin məşhur sənətçisi Özcan Denizin çəkdiyi “Sevimli tehlikeli” filmini təqdim edib.

Qala-gecədə Özcan Deniz, filmin baş qəhrəmanları - Şükrü Özyıldız və Ayça Ayşin Turan, həmçinin yaradıcı heyətin digər üzvləri iştirak ediblər.

Qonaqlar tamaşaçılarla birlikdə filmi izləyiblər.

Özcan Denizin romantik komediya janrında çəkdiyi bu filmdə baş qəhrəman Ədirnədə bir qızı beşikdə ikən qaçırır. Ailənin bu üzdən çəkdiyi kədər sonsuzdur. Aradan uzun illər keçdikdən sonra vicdan əzabından az da olsa qurtulmaq üçün Zarok, qızı yenidən qaçırıb gerçək ailəsinə qaytarmaq qərarına gəlir. Bu yolda onu eşq dolu macəralar gözləməkdədir. “Avşar Film” və “DNZ Film”in ortaq işi olan bu ekran əsərində Özcan Deniz sevgi, romantizm və dram elementlərini önə çəkib.

Filmin nümayişindən sonra qonaqlar media üçün mətbuat konfransı keçiriblər.

Onlar paytaxtımızı çox bəyəndiklərini deyiblər.

Filmin altı həftəyə çəkildiyini söyləyən Özcan Deniz ilk dəfədir filmdə yalnız rejissor kimi iştirak etdiyini bildirib. O, filmin ikinci hissəsinin də çəkiləcəyini vurğulayaraq, bu dəfə filmdə özünün də rol alacağını qeyd edib.

Sonra qonaqlar jurnalistlərin suallarını cavablandırıblar.

azertag.az