4 yaşlı oğlanın sirli xəstəliyi. Həkimlər acizdir
24.2.2015

Onun sağ ayağının çəkisi 5,4 kiloqramdır. Ayağı az qala özündən böyük olan 4 yaşlı oğlan hələ ki, gəzir, oynayır, gülür. Amma həkimlərin dediklərinə görə, təcili müalicə başlanmazsa, uşaq ən yaxşı halda ömrünün sonunadək dəhşətli ağrılar hiss edərək şikəst qalacaq.

Hindistanın Qucarat ştatında doğulmuş Verdant Coşinin sağ ayağı vücudu ilə müqayisədə nəhəngdir.
Yerli və əcnəbi həkimlərin, yüzlərlə həkimin müayinə etdiyi Verdantın dərdinə əlac tapılmayıb. Həkimlər çarə kimi ayağın amputasiyasını, kəsilməsini görürlər.

Verdantın atası Dilip Coşi isə oğlunun ayağının kəsilməsin istəmir.

Vücudundakı hormonal disbalans nəticəsində sağ ayağında anadangəlmə qüsur olan Verdantın bu "nəhəng əza"sı sürəkli böyüyür.
"Mən də yaşıdlarım kimi futbol və kriket oynamaq istəyirəm. Amma oynaya bilmirəm. Məktəbə getmək istəyirəm. Müəllimlərsə atama deyiblər ki, oxuya bilmərəm. Mənə kömək edin", - 4 yaşlı Verdant Coşi söyləyib.

Balaca Verdantın anası, 26 yaşlı Ceşri Coşinin dediyinə görə, oğlu yaşıdları ilə oynaya bilmədiyi üçün vaxtını 1 yaşlı bacısı Vrişa ilə keçirir.
Valideynləri Verdantın dərdinə çarə tapmaq üçün onu Mumbay, Udaypur, Çennay şəhərlərindəki hospitallara aparıblar. Uşağa hətta amerikalı mütəxəssislər baxıblar.

Amma çifayda.

Oğlanın atası, 30 yaşlı Dilip Kumar Coşi söyləyir: "Az qala bütün mütəxəssislərə üz tutmuşuq. Cərrahlar və terapevtlərdən tutmuş, homeopatlar, allopatlar, ortopedlər, dəri və sümük xəstəlikləri üzrə mütəxəssislərədək çox insan oğlumu müayinə edib.

Hətta amerikalı həkimlər də naçar qalıblar. Bəziləri oğlumun vücudunda hormonal disbalans olduğunu, bəziləri qan dövranında problemlər yarandığını, bəziləri də Verdantın sağ ayağına su yığıldığını deyirlər. Nə edəcəyimizi bilmirik.

Oğlumun belə şikəst qalacağını bilsəydim? onun dünyaya gəlməsinə mane olmağa çalışardım. Övladının əzab çəkdiyini acizliklə seyr etmək hər valideyn üçün bədbəxtlikdir".

Astroloq olan və ayda 150 dollarlıq gəlirə malik Dilip Kumar Coşi 4 yaşlı oğlunun müayinələrinə son 4 ildə 10 min dollardan artıq pul xərcləyib.

Milli.Az