Ölkəmizdə əlilliyi olan şəxslərə səyyar protez-ortopedik bərpa xidməti göstərilir
24.2.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın regionlarında yaşayan əlilliyi olan şəxslərə səyyar protez-ortopedik bərpa xidməti Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında davam etdirilib.

Nazirlikdən  bildiriblər ki, ƏƏSMN-nin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqada qeyd olunan rayonlar üzrə əvvəlcədən qeydiyyata alınmış ümumilikdə 162 nəfər əlilliyi olan şəxsi və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağı səyyar protez-ortopedik xidmətə cəlb edib. Onlar yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri ilə təmin ediliblər. Bununla da həmin şəxslərin protez-ortopediya məmulatları və reabilitasiya vasitələri ilə təmin olunmaq üçün paytaxt Bakıya gəlmələrinə artıq ehtiyac qalmayıb.

Qeyd edək ki, 2013-cü ilin dekabr ayında ƏƏSMN-nin müvafiq Əmrinə əsasən, yaradılmış səyyar tibbi-texniki briqadalar tərəfindən bu vaxta qədər respublikanın müxtəlif bölgələri üzrə 1726 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edilib.

azertag.az