"Nabat" filmi Park Cinema-da nümayiş olunacaq
25.2.2015

Park Cinema-da keçirilən Avropa Kinofestivalı çərçivəsində gurultulu uğurundan sonra Elçin Musaoğlunun məşhur “Nabat” filmi Xocalı faciəsinin anım günü ərəfəsində ekranlara çıxacaq.

Film diyarını tərk etməkdən imtina edən, sağ qalmağa və Qarabağ müharibəsinin onların kəndinə dağıdıcı təsirinə tab gətirməyə çalışan qoca cütlük haqqındadır. Dünya kinotənqidçilərinin hörmətini qazanan bu dram bütün dünyada 11 kinofestivalda heyranlıqla qarşılanıb. “Nabat” 71-ci Venesiya kinofestivalı, Milan kinofestivalı, 50-ci Beynəlxalq Çikaqo kinofestivalında nümayiş olunub, həmçinin 2015-ci ilin Amerika “Oskar” kinoakademiyasının mükafatı uğrunda müsabiqədə iştirak edib. Almaniyanın Manheym, Heydelberq şəhərlərində keçirilən 63-cü Beynəlxalq kinofestivalda film əsas mükafat - Beynəlxalq Tənqidçilər mükafatı, Ekumenik jürinin mükafatına layiq görüldü.

“Nabat” bədii filmi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilib.

Filmin ssenari müəllifləri - Elxan Nəbiyev, Elçin Musaoğlu, quruluşçu operatoru - Abdulrəhim Beşarat, prodüseri - Müşviq Hətəmovdur. Filmdə Fatimə Motamed Arya, Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov, Fərhad İsrafilov, Rəhilə Məmmədova, Rövşən Ağayev, Həsənağa Səfərov çəkilmişlər.

“Nabat” Park Cinema şəbəkəsində Xocalı faciəsinin anım günü - 26 fevral tarixində ekranlara çıxacaq.

Milli.az