Kanadada Mehriban xanım Əliyevanın “İlahi Muza – Azərbaycan muğamının hamisi” adlı abidəsi qoyulmuşdur
7.9.2011

Azərbaycan birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO–nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanımın abidəsi elit mənzərəli Niagara on the Lake şəhərinin (Kanadanın birinci paytaxtı) təmtəraqlı malikanələrindən birini bəzəyir. Bu şəhərdə Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri çox böyük uğurla keçmiş, Beynəlxalq Azərbaycan Muğamı Studiyasının təntənəli təqdimatı olmuş, akademik, Niaqaranın xoşməramlı səfiri, Azərbaycanın görkəmli heykəltəraşı Ömər Eldarovun heykəltəraşlıq portretlərindən ibarət fərdi bədii sərgisi təşkil edilmişdir.
Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri Beynəlxalq Niaqara Festivalı çərçivəsində keçirilmişdir. Festivalın bədii rəhbəri Atis Bankas demişdir ki, Azərbaycan muğamının dirçəldilməsi və onun beynəlxalq səviyyədə geniş təbliğ edilməsi, habelə bütün dünyada sülh naminə sivilizasiyaların dialoqunun səmərəli inkişafı və möhkəmlənməsi, dünya mədəniyyətlərinin bir-birinə yaxınlaşması və qarşılıqlı nüfuz etməsi Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.
Beynəlxalq Niaqara Musiqi festivalı çərçivəsində Kanadada keçirilmiş Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri Niaqara Beynəlxalq festivalının rəhbərləri – Toronto Kral Konservatoriyasının professoru Atis Bankas və “İpək yolu” Niaqara kamera orkestrinin bədii rəhbəri və baş dirijoru, Azərbaycanın Əməkdar İncəsənət Xadimi İsmayıl Hacıyev tərəfindən Avropa İttifaqının mədəniyyət departamentinin dəstəyi ilə həyata keçirilən qlobal qitələrarası “Dünyanın Qızılgülü” mədəni layihəsinin tərkib hissəsi oldu.
Kanadada Azərbaycan günlərinə həsr edilmiş bütün mədəni tədbirlərin sonunda Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev, Milli Məclisin deputatları Arif Rəhimzadə və Elmira Axundova çıxış edərək Niaqara festivalının bədii rəhbəri Atis Bankasın şəxsində festivalın rəhbərliyinə, Niaqara regionunun qubernatoru Lord Geri Borrouya, Niagara on the Lake şəhərinin meri David İkə, Kanada parlamentinin deputatı Monte Kvinterə Kanadada Azərbaycan Mədəniyyəti və İncəsənəti Günlərinin uğurla keçirilməsinə göstərdikləri köməyə və fəal dəstəyə, habelə onların Azərbaycan nümayəndə heyətinin bütün üzvlərinə göstərdikləri səmimiyyətə görə təşəkkürlərini bildirmişlər.
Bütün Niaqara regionunun qubernatoru Lord Geri Borrou cavab sözündə demişdir: “Kanadada çox böyük uğurla keçmiş Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri elə bir mühüm faktı inandırıcı şəkildə təsdiq etdi ki, Şərq və Qərb sivilizasiyalarının mədəni nailiyyətləri uğurla sintez etmiş Azərbaycan mədəniyyətinin böyük və görkəmli xadimləri sayəsində bu gün Azərbaycan bəşəriyyətin mədəni liderlərindən birinə çevrilmişdir”.
O, Kanada ilə Azərbaycan arasında qarşılıqlı mədəni əlaqələrin daha da dərinləşməsini və hərtərəfli genişlənməsini arzu edərək bildirmişdir ki, Niaqara regionunun qubernatoru kimi Azərbaycanın musiqi sənətinin və mədəniyyətinin Kanadada və bütün Şimali Amerika qitəsində təbliğ edilməsi üçün zəruri şərait yaratmaq məqsədilə nə lazımdırsa edəcəkdir.