Xocalı faciəsinin qurbanlarına həsr olunur
26.2.2015

“Park-Bulvar” ticarət və əyləncə mərkəzində Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilən tədbir keçirilib.

Tədbir çərçivəsində “1905.az” səyyar qalereyasında “Xocalı” adlı sərgi açılıb.

Sərgidə Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu və Azərbaycan Dövlət Teleqraf Agentliyinin fotomüxbiri İlqar Cəfərovun işləri nümayiş olunub.

Tədbir iştirakçıları “1905.az – STUDIO”nun hazırladığı videoçarxa baxıblar, www.1905.az portalının “Xocalı” bölməsinin materialları ilə tanış olublar.

Xatırladaq ki, www.1905.az elektron resursu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.

Ümumiyyətlə, 12 dildə fəaliyyət göstərən bu portal keçən ilin mart ayında müasir texnologiyalardan istifadə olunmaqla azərbaycanlıların soyqırımına məruz qalması faktlarını, tarixi torpaqlarından deportasiyasını, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzünü dünya ictimaiyyətinin nəzərinə çatdırmaq məqsədilə yaradılıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Xocalı şəhərində soyqırımı aktı törədilib. Nəticədə 613 nəfər öldürülüb, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Onların çoxu əsirlikdən qurtulmayıb, sonrakı taleləri haqqında heç bir məlumat yoxdur.

azertag.az