Ekoloji maarifləndirmə tədbirlərinə xüsusi önəm verən “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) internet məkanında ilk ekooyuna başlamışdır.
Qurumun mətbuat xidmətindən bildirilmişdir ki, Qala qəsəbəsində və İçərişəhərdə tullantıların çeşidlənməsi layihələrinə dəstək olaraq “Vətəndaş cəmiyyətində debat” İctimai Birliyinin təşəbbüsü ilə hazırlanmış “Şəhərini təmiz saxla” ekooyununun məqsədi gəncləri maarifləndirmək və düzgün tərbiyələndirməkdir.
Oyunun qaydalarına əsasən üzvi tullantılar yaşıl, qeyri-üzvi tullantılar göy, təhlükəli tullantılar isə qəhvəyi konteynerlərə yerləşdirməlidir. Oyunçu düzgün yerləşdirilən hər tullantıya görə 5 bal qazanır. Ən çox xal qazanan 5 tələbə ASC tərəfindən iyulun 4-9-da Şəki şəhərində keçiriləcək “Gənclər təmizlik naminə” yay məktəbinə qatılmaq imkanı qazanacaqdır.
Tullantıların düzgün şəkildə çeşidlənməsi haqqında nəzəri biliklərlə yanaşı, təcrübi vərdişlər əldə etmək istəyənlər facebook sosial şəbəkəsindən https://apps.facebook.com/tamizshahar/ linkinə daxil olmaqla oyuna qoşula bilərlər.