Azərbaycan Tərcümə Mərkəzi növbəti beynəlxalq kitab sərgisində ölkəmizi təmsil edir
2.3.2015

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (ATM) dil mütəxəssisləri – Qəmər Alxanova və Kəmalə Ələkbərova Türkiyənin İstanbul şəhərində keçirilən CNR – Beynəlxalq Sərgi Mərkəzinin kitab sərgisində iştirak ediblər.

ATM-dən  bildirilib ki, mərkəzin əməkdaşlarının Türkiyə Mədəniyyət Nazirliyinin “Müqayisəli tərcümə” mövzusunda keçirdiyi müzakirələrdə məruzələri dinlənilib. Məruzələrdə hər iki ölkənin dünya ədəbiyyatından olunan tərcümələr, ATM-in fəaliyyəti, bu günə qədər Azərbaycan dilinə Türkiyə türkcəsindən edilən uyğunlaşdırmalar və hər iki ölkənin ədəbi əsərlərinin tərcümə perspektivləri işıqlandırılıb. Daha sonra mərkəzin fəaliyyəti əks etdirilən videoçarx nümayiş etdirilib.

Tədbirdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Həmdi Turşucu Azərbaycan Tərcümə Mərkəzinin fəaliyyətinin təqdirəlayiq olduğu barədə fikirlərini bölüşüb, qurumlararası sıx əlaqələrin yaradılmasının vacibliyini vurğulayıb.

Sərgidə ATM tərəfindən nəşr olunan kitablar, kataloqlar, “Xəzər” jurnalının yeni sayları nümayiş etdirilib. Nəşrlər ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

azertag.az