Bakıda dənizkənarı bulvar yaradılması təşəbbüsünün müəllifi Məmmədhəsən Hacınskinin anadan olmasından 140 il keçir
3.3.2015

İstedadlı Azərbaycan mühəndisi, memar, siyasi və dövlət xadimi Məmmədhəsən Cəfərqulu oğlu Hacınskinin anadan olmasından 140 il keçir.

Məmmədhəsən Hacınski 1875-ci il martın 3-də Bakıda anadan olub. 1902-ci ildə Peterburq Texnologiya İnstitutunu bitirib. Bir müddət Moskvada, Azərbaycanın məşhur neft sənayeçisi Şəmsi Əsədullayevin neftayırma zavodunda işləyəndən sonra 1908-ci ildə Bakıya qayıdır. İstedadlı gənc mühəndis Bakıda birinci neft bumu dövründə geniş vüsət almış tikinti işlərində iştirak etməyə başlayır. O, Bakının fon der Nonne tərəfindən hazırlanmış birinci baş planının təkmilləşdirilməsində də fəal iştirak edib.

Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, memar Yusif İbrahimli Məmmədhəsən Hacınski haqqında söhbətində qeyd edib ki, 1912-ci ildə Bakıda Hacınskinin redaktorluğu ilə Bakı küçələrinin abadlaşdırılması haqqında kitab nəşr edilib.

1913-cü ildə Hacınski Bakı şəhər upravasına rəhbər təyin edilir. O, Bakının, xüsusən Şirvanşahlar sarayının tarixi simasının qorunub saxlanması məsələsinə xüsusi diqqət yetirir, sarayın müdafiəsi və bərpası haqqında təkliflər irəli sürürdü. Hacınskinin təşəbbüsü ilə Ömər Abuyev və Zivərbəy Əhmədbəyov Şirvanşahlar sarayının bərpası üçün elmi tədqiqat işi aparıblar.

Həmin illərdə şəhər upravası ərazisinin sahəsi təxminən 200 hektar olan Yeni Qəsəbə yaradılması barədə qərar qəbul edib. Bu qərarın həyata keçirilməsi üçün şəhər upravasının tikinti bölməsinin müdiri mühəndis M.Hacınski tərəfindən təqdim olunmuş variant bəyənilir. Müəllif o vaxta qədər Bakıda heç vaxt tətbiq edilməmiş “Yelpik sxemi” təklif edirdi. Bu sistemə əsasən, Bakıda küçələrin şüalar boyunca salınması nəzərdə tutulurdu - Parisdə küçələr Ulduz meydanından, yaxud Vyanada Rinqştrassedən başlandığı kimi.

Bakıda dənizkənarı bulvar yaradılması ideyasının təşəbbüskarı və ilhamvericisi M.Hacınski olub. Görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Şamil Fətullayev–Fiqarov öz elmi əsərlərində yazır: “Şəhər upravasının tikinti şöbəsinin rəhbəri, istedadlı mühəndis və təşkilatçı M.Hacınski dənizkənarı bulvarın abadlaşdırılması işinə çox əzmlə girişdi”.

“Kaspi” qəzetinin 1909-cu ildəki 77-ci nömrəsində bildirilirdi: “Şəhər Duması sahil küçəsində bulvar yaradılması üçün 10 min rubl vəsait ayırıb”. Hacınskinin rəhbərliyi ilə bu bulvarın salınmasında memar Adolf Eyxler fəal iştirak edib. Sahil küçəsində modern üslubunda sinematoqraf (kinoteatr) üçün “Olimpiya” və restoran üçün “Eldorado” adlı böyük pavilyonların layihələri tərtib edildi.

Şəhər upravası başa düşürdü ki, bulvar şəhərin bir növ dəniz fasadıdır. Buna görə də həmin proqramı genişləndirmək və sahilə daha yaxşı görkəm verəcək möhtəşəm tikililər ucaltmaq qərara alındı. Həm şəhərin bəzəyi olan, həm də şəhərə külli məbləğdə gəlir gətirə biləcək təmtəraqlı restoranı olan nümunəvi çimərlik yaradılması haqda qərar qəbul edildi.

Şəhərin hakimiyyət orqanları hesab edirdilər ki, dəniz sahilində yerləşən bu zəngin şəhərdə çimərlik olmaması böyük qüsurdur və bu nöqsanı mümkün qədər tez aradan qaldırmaq lazımdır.

M.Hacınski Dumada çıxış edərək ən yaxşı layihə üçün müsabiqə keçirilməsini təklif etdi. O deyirdi: “Bu, adi layihə deyil. Burada incə zövqlü, öz işini sevən mütəxəssis lazım ola bilər... burada fantaziya və gözəllik lazımdır... Bunun üçün böyük xərc tələb olunmur, xəsislik etmək lazım deyil”.

Heç şübhəsiz, Hacınskinin bu parlaq çıxışı öz təsirini göstərdi və Duma müsabiqə elan olunması barədə qərar qəbul etdi. Restoran, çimərlik və müxtəlif təyinatlı 13 köşk tikilməsi layihəsinin tərtib olunması üçün müsabiqə elan edildi. Bulvarın planlaşdırılması və yaşıllıqların necə yerləşməsi məsələsi layihə müəlliflərinin mülahizəsinə verildi. Layihələrə baxılması və mükafatlar verilməsi məsuliyyətini Peterburqdakı Memarlar Cəmiyyəti öz üzərinə götürdü. Müsabiqədə iştirak etmək üçün o vaxt Bakıda yaşayan mülki tikinti mühəndislərinin və memarların demək olar ki, hamısı (30 nəfər) dəvət edildi, lakin müəyyən olunmuş müddətə qədər cəmi üç layihə təqdim olundu və həmin layihələr mükafata layiq görüldü. Gözəl yay sarayı şəklində çimərlik isə bir qədər sonra – 1914-cü ildə mülki tikinti mühəndisi N.Q.Bayevin layihəsi üzrə yaradıldı.

1911-ci ilə qədər Hacınski şəhərin yaşayış və tikinti baxımından ən perspektivli sayılan bütün şimal və şimal-şərq rayonlarını layihələşdirmişdi. Bakının inkişafının sosializm dövründə bu layihələr gerçəkləşdi. Hacınski şəhərsalma üzrə mütəxəssis kimi çox irəli getmişdi, çünki həmin dövrdə bu sahədə fon der Nonneyə məlum olmayan biliklərə malik idi. Şəhərin baş planı üzərində sonrakı işlər mahiyyət etibarilə heç nəyi dəyişmədi və mühəndislər fon der Nonne və Məmmədhəsən Hacınski tərəfindən işlənib hazırlanmış vahid plana yalnız lokal xarakterli düzəlişlər edildi.

İstedadlı mühəndis və memar Məmmədhəsən Hacınski həm də tanınmış siyasi və dövlət xadimi idi. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə o, ilk xarici işlər naziri, daha sonra maliyyə naziri və daxili işlər naziri vəzifələrində çalışıb. O, AXC parlamentinin üzvü, Paris sülh konfransında (1919) AXC nümayəndə heyətinin üzvü, nümayəndə heyətinin sədri Əlimərdan bəy Topçubaşovun müavini olub. 1919-cu ilin avqust ayında Bakıya iki aylıq məzuniyyətə gələn Hacınski bir daha Parisə qayıtmır.

Sovet hakimiyyəti illərində müxtəlif sovet və təsərrüfat vəzifələrində çalışmış Məmmədhəsən Hacınski 1930-cu ildə Zaqafqaziya diyar partiya komitəsinin ovaxtkı birinci katibi Lavrenti Beriyanın göstərişi ilə həbs edilib, 1931-ci il martın 8-də isə hələ istintaq başa çatmadan Tiflis həbsxanasında vəhşicəsinə qətlə yetirilib.

azertag.az