Sentyabrın 28-dən 30-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş II Bakı Beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcəkdir.
Nazirlikdən bildirilmişdir ki, Bakı İdman Sarayında keçiriləcək və xalqımızın mədəni-mənəvi, intellektual yüksəlişində müstəsna imkanlara malik olan kitabın geniş təbliğini nəzərdə tutan beynəlxalq tədbirdə bir çox xarici dövlətlərin müvafiq təşkilatlarının iştirakı gözlənilir.
Sərgi-yarmarkada milli və beynəlxalq nəşriyyat evləri, kitab yayım firma və təşkilatları, poliqrafik müəssisələr, müəllif hüquqları qurumları, habelə kitab nəşri və yayımı ilə maraqlananlar iştirak edə bilərlər.
Sərgidə əsasən sosial-iqtisadi, universal, təbiət elmləri, texniki, kənd təsərrüfatı, tibb, psixologiya, filologiya və s. elmlərə aid ədəbiyyatlar, xəritə və atlaslar, dərsliklər, turizm nəşrləri, təqvimlər, bələdçilər və digər dəftərxana ləvazimatları və s. çap məhsulları nümayiş etdiriləcəkdir.