Kosmosda bir okean su yoxa çıxdı - VİDEO - FOTO
6.3.2015

"Marsın həddən artıq su itirdiyini nəzərə alsaq, bu planet uzun müddət "nəm" qalıb. Yəni indiyədək hesab etdiyimiz vaxtdan da çox müddət ərzində Marsda su olub. Ona görə də qətiyyətlə deyə bilərik ki, alimlər arasında geniş yayılmış təsəvvürlərin tam tərsinə olaraq, Mars planetində daha uzun müddətdə həyat olub".

ABŞ-ın Merilend ştatındakı Qrinbelt şəhərində yerləşən ABŞ Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Qoddard adına Kosmik Uçuşlar Mərkəzinin (Nasa’s Goddard Space Flight Center) eksperti, professor Cerinomo Villanova söyləyib.

Amerikalı alimlərin apardıqları yeni araşdırmanın nəticələri Science jurnalında dərc olunub.
NASA alimləri bildirirlər ki, Mars atmosferində aşkarlanmış iki müxtəlif tipli su qalıqları 4,5 milyard il əvvəl Marsdan Yerə düşmüş meteoritdəki su nisbəti ilə eynidir.

Buna görə də alimlər hesab edirlər ki, 4,5 milyard il əvvəl Marsda Şimal Buzlu Okeanından da böyük, ən azı 137 metr dərinliyi olan okean vardı.
Sonralar bu okean buxarlanıb və yoxa çıxıb.

Alimlər tədqiqatlar zamanı hazırda Marsdakı Şarp dağında olan "Curiosity" aparatından ötürülən görüntülər və araşdırma nəticələrindən, Havay arxipelaqındakı 10 metrlik "Keka" teleskopundan və Çilidəki "European Southern Observatory’s Very Large Telescope" rəsədxanasından alınmış informasiyalardan istifadə ediblər.

"Keka" və VLT teleskopları vasitəsilə alimlər 6 il ərzində Mars atmosferində adi və ağır suların miqdarını, habelə planetin suyu itirmə sürətini araşdırıblar.

Marsın ekvatoru və qütblərindəki adi su ilə ağır suyun miqdarını ölçən alimlər ötənlərdə "qırmızı planet"də nə qədər su olduğunu, planetin görüntüsünü müəyyənləşdiriblər.

"Bizim "Nuh dövrü" adlandırdığımız zamanlarda Marsda su həddən artıq olub və bu sulu dönəm təqribən 3,7 milyard il əvvəl başa çatıb. Marsın bütün səthini o vaxt 140 metr dərinlikdə su qatı ilə örtmək olardı. Marsın şimal yarımkürəsində ən dərin yerlərində 1,5 kilometrə çatan nəhəng okean vardı. Onun sahəsi planetin səthinin 19 faizini təşkil edirdi. Marsdakı suyun ümumi kütləsi 19 min trilyon ton idi ki, bu da Yerdəki Şimal Buzlu Okeanına bərabərdir", - Cerinomo Villanova söyləyib.

Sonrakı 3 milyard il ərzində Mars qütblərindəki suyun indiki miqdarından 6,5 dəfə artıq su itirib və indi gördüyümüz həyat olmayan, quru səhraya çevrilib.

Marsda hazırda aparılan araşdırmalar da göstərir ki, planetdə su ehtiyatları bərabər paylanmayıb və bu da "su vahələri"nin olduğunu düşünməyə imkan verir.

Video

Milli.Az