Yazda nə yeyək?
6.3.2015

Artıq yazdır. Yaz ən allergik fəsildir. Bu mövsümdə qidalanmaya xüsusi diqqət yetirmək lazımdır.

Soyuq qış aylarından sonra havaların isinməyə başlaması ilə eyni zamanda insan orqanizmində bəzi dəyişikliklər baş verir. Əksər insanlarda halsızlıq, yorğunluq, yuxu istəyi, kədər, stress kimi hallar müşahidə edilməyə başlayır. Qan-damar sistemində yaranan problemlər təzyiqin yüksəlməsi, qanda şəkərin və insulin hormonunun miqdarının dəyişməsilə nəticələnir. Orqanizmin normal fəaliyyətini təmin etmək üçün qidalanma rejiminə əməl etmək mütləqdir.

Həkim Şəmsiyyə Namazlı ANS TV-yə qidalanma ilə yanaşı, suyun da orqanizmə xeyrindən danışdı. Belə ki, su orqanizmdə maddələr mübadiləsinin, orqanizmə daxil olan elementlərin, müxtəlif birləşmələrin əmələ gəlməsində və bunların hüceyrələrə daşınmasında mühüm rol oynayır. Əsas da yaz aylarında lazımi qədər suyun qəbulu vacibdir.

Düzgün qida rasionu hər bir yaşda və fəsildə, xüsusilə də yaz fəslində vacibdir. Qida yalnız böyümə deyil, eyni zamanda enerji mənbəyi funksiyasını da həyata keçirir.
Məhz bu səbəbdən onun tərkibindəki komponentlərin balanslaşdırılmasına xüsusi diqqət yetirmək lazımdır. Tərkibi vitaminlərlə, çiy meyvə və tərəvəzdən ibarət rasion sağlamlığın ilk təminatçısıdır. Gün ərzində 4-5 dəfə olmaqla lazımi element və fermentlərdən ibarət qidalanma məsləhət görülür.

Yaz aylarında orqanizm A, B və C vitaminlərinə olan tələbatı artır. A vitaminin çatışmazlığı dəridə quruluğa və gözdə zəifliyə səbəb ola bilər. Bu problemlərdən süd, yumurta, balıq və bol miqdarda sarı-narıncı rəngli meyvələrdən istifadə etməklə uzaq olmaq mümkündür.

B vitamini çatışmadıqda isə insanda əsəbilik, ürək döyüntülərinin artma halları müşahidə edilir. Bu problemlərlə üzləşmək istəmirsinizsə, ət, yumurta, kələm və kartofdan bol miqdarda istifadə edin.

Orqanizmdə C vitamininin çatışmazlığı immunitetin zəifləməsi və halsızlıqla müşahidə edilir. Sadaladığımız hallardan qorunmaq üçün kartof, təzə meyvələr, limon və kələmdən istifadə etməyi unutmayın.

Milli.Az