Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın "Hilal-e-Pakistan" ordeni təqdim olunub
12.3.2015

Martın 11-də mətbuata bəyanatlardan sonra Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn tərəfindən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı - “Hilal-e-Pakistan” ordeninin təqdim edilməsi mərasimi olub.

Əvvəlcə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Hilal-e-Pakistan” ordeni ilə təltif edilməsi barədə müvafiq qərar oxundu.

Qərarda deyilir: “Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2004-cü ildə Heydər Əliyev Fondunun prezidenti təyin edilmişdir. Fond təhsil, səhiyyə, mədəniyyət, idman, ətraf mühit və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək Azərbaycanın sosial-iqtisadi inkişafına töhfələr verir. Fondun fəaliyyəti tədricən dost ölkələri, o cümlədən Pakistanı da əhatə etməyə başladı. 2005-ci ilin oktyabrında Pakistanda zəlzələ baş verdikdən sonra Fond 2007-ci ildə Müzəffərabadın Rara qəsəbəsində zəlzələ nəticəsində dağılmış qızlar məktəbinin tikintisi kimi müxtəlif humanitar layihələrdə fəal iştirak etmişdir. 2011-ci ildə daşqınlar nəticəsində zərər çəkmiş məktəb 2012-ci ildə tam şəkildə yenidən qurulmuş, təmir və təchiz edilmiş, davamiyyəti ilə seçilmiş tələbələrə isə təqaüdlər verilmişdir. 2012-ci ildə hepatit B peyvəndi İslamabadda Edhi və KPK kimsəsiz evlərinə çatdırılmış, 40 min nəfərə yaxın şəxsə həmin peyvənd vurulmuşdur. Fond, həmçinin qanköçürmə məqsədilə Həmzə Fonduna tam təchiz edilmiş təcili tibbi yardım maşınını və 2000 qan paketini çatdırmış, Peşəvərdə Xayber Göz Fondunun klinikasının yeni blokunun tikintisinə maliyyə yardımı ayırmışdır. 2013-cü ildə isə Fond Azərbaycanın 12 nüfuzlu universitetində pakistanlı tələbələr üçün sosial elmlər üzrə universitetlərarası konsorsiuma 36 təqaüd ayırmışdır.

Pakistanda göstərdiyi xidmətlərə, eləcə də verdiyi böyük töhfəyə görə Pakistan İslam Respublikasının Prezidenti Mehriban xanım Əliyevanın “Hilal-e-Pakistan” ordeni ilə təltif etməkdən məmnundur”.

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı - “Hilal-e-Pakistan” ordenini təqdim etdi.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edərək dedi:

- Cənab Prezident, birinci xanım, əziz dostlar,

Pakistan İslam Respublikasının ali dövlət mükafatı – “Hilal-e-Pakistan” ordeni ilə məni təltif etdiyinizə görə, cənab Prezident, Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Azərbaycan ilə Pakistanı tarixi və mədəni köklərə əsaslanan möhkəm dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Ölkələrimiz bir çox sahələrdə əməkdaşlıq edir və əminəm ki, Azərbaycana etdiyiniz səfər bu əlaqələrimizin gələcək inkişafında mühüm rol oynayacaq.

Çox şadam ki, Heydər Əliyev Fondu xalqlarımızın iradəsini ifadə edən dostluq münasibətlərimizin, ölkələrimiz arasındakı mövcud humanitar əlaqələrin daha da genişləndirilməsi istiqamətində ardıcıl səylər göstərir. Bir sıra mühüm layihələr və xeyriyyə proqramları Pakistanın müxtəlif yerlərində icra olunur. Çox fərəhlənirik ki, birinci layihəmiz – Müzəffərabadda 2005-ci ilin oktyabrında güclü zəlzələ nəticəsində dağılmış qızlar məktəbinin tikintisi çox uğurlu olmuş və gələcək əməkdaşlığımız üçün yaxşı əsas yaratmışdır.

Fond təhsil, səhiyyə və sosial sahələrdə layihələr həyata keçirir. Pakistanın müxtəlif yerlərində bütün layihələrin icrası zamanı biz yerli əhalidən güclü dəstək aldıq və beləliklə, ikitərəfli münasibətlərimizin ayrılmaz hissəsi olan insanlar arasında təmasların geniş formatını qurduq.

Heydər Əliyev Fondunun prezidenti olaraq fərəhlənirəm ki, Fondumuz ölkələrimiz arasında qardaşlıq münasibətlərinin gücləndirilməsinə töhfə verir. Ümidvaram ki, hər iki Prezidentin dəstəyi ilə Pakistandakı fəaliyyətimiz davam edəcək.

Bu fürsətdən istifadə edərək ölkənizin xalqına böyük hörmətimi ifadə etmək istəyirəm. Bütün bu illər ərzində ölkənizdə çoxlu sayda yaxşı dost qazanmışıq. Cənab Prezident, fəaliyyətimizə verdiyiniz bu cür yüksək qiymətə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm.

Əziz dostlar, bir daha Azərbaycana xoş gəlmisiniz, sizə böyük uğurlar arzulayıram. Çox sağ olun.

X X X

Mərasimin sonunda Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, Pakistan Prezidenti Məmnun Hüseyn və xanımı Bequm Sahiba xatirə şəkli çəkdirdilər.

Milli.az