Atəşgahda “Mədəni irs” Gənclər festivalı keçiriləcək
13.3.2015

Aktyor və tələbələr su, od, yel və torpaq çərşənbəsini rəqslərlə canlandıracaqlar.

13 mart 2015-ci il tarixdə saat 12.00-da Suraxanı rayonunda yerləşən “Atəşgah Məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində Gənclər və İdman Nazirliyi tərəfindən 100-ə yaxın tələbə və gənclərin iştirakı ilə “Mədəni irs” Gənclər Festivalı keçiriləcək.

Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, festivalın keçirilməsində məqsəd Azərbaycanın milli-mədəni irsinin, tarixinin, adət və ənənələrinin qorunub saxlanması və təbliğ edilməsidir.

Festival zamanı yerli və xarici qonaqlar adət ənənələrimiz və mədəni irsimiz ilə yaxından tanış olacaqlar. Gənc aktyor və tələbələr baharın 4 ünsürünü - su, od, yel və torpaq çərşənbəsini rəqslərlə canlandıracaqlar. Eyni zamanda qonaqlar, milli və tətbiqi sənət məhsulları ilə tanış olacaq, milli mətbəximizin təamlarından dadacaqlar. Bununla yanaşı pəhləvan, kəndirbaz və sehrbazlar öz məharətlərini nümayiş etdirəcək, muğam və milli musiqilər səsləndiriləcəkdir.

Qeyd edək ki, festival Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq yarımbəndinin icra edilməsidir.

Oxu.az