Onların yaşadıqları sevinc və faciə bütün ölkəni, Britaniyanı riqqətə gətirib.
İngiltərənin Linkolnşir qraflığındakı Stemford şəhərində yaşayan Cek Beniston sevgilisi Mişel O`Konnoru həyatından artıq sevdiyini deyirdi.
Deyirdi və bu, adi sözlər deyildi.
Qeyri-rəsmi nikahda yaşadığı Mişelin müalicəsi mümkünsüz xəstəliyə tutulması aşkarlanandan sonra o, ruhdan düşmüşdü. Niyə də olmasın: həkimlərin dediklərinə görə, onda analıq yolu xərçəngi vardı.
Cek və Mişelin qeyri-rəsmi izdivaclarında Marta adlı qızları da doğulmuşdu.
Mişelə o da deyilmişdi ki, onun ölümünə çox qalmayıb.
32 yaşlı Cek Benistona həkimlər "sevgilinizin həyatla vidalaşmasına cəmi 48 saat qalıb" deyəndə o, arzusunu reallaşdırmaq qərarına gəlib.
Mişelin intensiv terapiya bölməsində müalicə aldığı Piterboro Şəhər Hospitalına yollanan Cek Beniston orada, palatada nikah mərasimi keçirib.
Cek sevgilisi dünyasını dəyişənədək Mişellə ailə qurmaq, evlənməkdə qərarlı idi.
Üç il əvvəl tanış olmuş Cek və Mişelin qızları Marta ötən ilin yayında doğulmuşdu.
32 yaşlı Mişel ölümünə az qaldığını biləndən sonra həyatının son günlərini sevinclə, şadlıqla, şövqlə yaşamaq istəyirdi.
Palatada nikah oldu və Ceklə Mişel nikahlarını rəsmiləşdirdilər.
Mişel isə həkimləri "yanıltdı". "Cəmi iki gün ömrü qalıb" deyilən Mişel qorxunc diaqnozdan sonra 4 həftə yaşadı.
Cek Beniston xanımını ölümdən qurtarmaq üçün yeni cərrahiyyə əməliyyatına pul toplamaq üçün "Virgin Money Givinq" saytı vasitəsilə ianə toplamağa başlamışdı.
Minlərlə insan Benistonun hesabına pul keçirsə də, artıq gec idi.
Mişel Piterboro şəhərindəki "Thorpe Hall Hospice"də dünyasını dəyişib.
Mişel və Cekin xəstəxanada nikahları ilə bağlı xəbər yayılanda isə onlara 2 milyondan artıq insan onlayn başsağlığı verib.
Milli.Az