Bakıda IV Beynəlxalq muğam müsabiqəsinə yekun vurulub
17.3.2015

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən keçirilən “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycan Milli Konservatoriyasında təşkil olunmuş IV Beynəlxalq muğam müsabiqəsinə martın 17-də yekun vurulub.

Heydər Əliyev Fondundan verilən məlumata görə, solo muğam ifaçılığı üzrə I, II və III yerlərə iki nəfər, instrumental muğam ifaçılığı üzrə I və III yerlərə bir, II yerə isə 2 nəfər layiq görülüb.

Üç iştirakçı müsabiqənin xüsusi mükafatı ilə təltif olunub. Bu dəfə müsabiqədə “Qran-pri” olmayıb.

Müsabiqədə Azərbaycan, Türkiyə, İordaniya, Latviya, İran, İraq, Özbəkistan, Tacikistan və Çindən olan musiqiçilər iştirak ediblər. İfaçıları Azərbaycanın xalq artisti Siyavuş Kəriminin sədrliyi ilə beynəlmiləl tərkibli münsiflər heyəti qiymətləndirib.

Müsabiqənin qalibləri martın 18-də “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının bağlanış mərasimində mükafatlandırılacaq və onların iştirakı ilə qala-konsert keçiriləcək.

APA