Bu gün Türkiyənin Qars şəhərində Heydər Əliyevin adına Anadolu Peşə və Texniki Liseyinin açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili iştirak edib.
Mərasimdə çıxış edən R.Tayyib Ərdoğan bildirib ki, Azərbaycanla qardaşlığın simvolu olaraq gördüyüm liseyin ölkəmizə qazandırılmasına əməyi keçən hər kəsə təşəkkür edirəm:
“Rəhmətlik Heydər Əliyevin ruhunu ölkəmizin hər guşəsində yaşatmış oluruq və yaşatmağa da davam edəcəyik. Bu gün həm də 112 dərsliyin də açılışını həyata keçiririk. Qonaqlarımızla birlikdə təməlini atacağımız TANAP layihəsinin də Türkiyə, Azərbaycan, Gürcüstan və layihənin Avropa hissəsindəki ölkələrə uğurlu olmasını arzulayıram”.
Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu gün Türkiyə və Azərbaycan kimi dünyada inkişaf edən ikinci ölkələr tapmaq çox çətindir: “Bütün böhranlara baxmayaraq, bu gün biz inkişaf edirik. Bizim inkişafımız siyasi iradə, tarixi həqiqət üzərində qurulub. Biz tarixi həqiqət üzərində gələcəyimizi qururuq. Tarixi olduğu kimi gənc nəsillərə təqdim edirik. Bəzi başqa ölkələr kimi tarixi təhrif etmirik. Öz gələcəyimizi yalan, böhtan üzərində qurmuruq”.
Gun.az