Azərbaycan qar və dağ turizmi mövzusunda keçirilən VII Ümumdünya Konqresində iştirak edib
19.4.2012

Azərbaycan Turizm İnstitutunun (ATİ) rektoru Cəfər Cəfərov Dünya Turizm Təşkilatının təşkilatçılığı ilə Andorra Knyazlığında keçirilən VII Ümumdünya Konqresinin iştirakçısı olub.

ATİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Dünya Turizm Təşkilatının təşkilatçılığı ilə Andorrada keçirilən “Qar və dağ turizmi: müvəffəqiyyət üçün yeni strategiyalar” mövzusuna həsr olunan VII Ümumdünya Konqresi öz işini uğurla yekunlaşdırıb.

La Massano şəhərində gerçəkləşən konqresə dünyanın 30 ölkəsindən 4 nazir, nüfuzlu turizm müəssisələrinin nümayəndə və ekspertləri qatılıb. Tədbirdə ölkəmizi ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov təmsil edib. C.Cəfərov bildirib ki, iki günlük tədbirdə 18 məruzə dinlənilib. İnformasiya-kommunikasiya texnologiyaları əsasında dağ turizminin inkişaf strategiyası, yay mövsümü üçün nəzərdə tutulan məhsul və xidmətlərin yeni çeşidlərinin təqdim olunması, dağ turizmi destinasiyasının aşkarlanması və s. mövzular müzakirə predmeti olub. Tədbirin son günündə Valnorda xizək kurortunda keçirilən mədəni tədbir də bütün iştirakçıların böyük marağına səbəb olub.

Rektor əlavə edib ki, Cənub-Qərbi Avropada yerləşən Andorra İspaniya və Fransa ilə həmsərhəddir. Qışı qarlı və şaxtalı keçir. Qar fırtınaları və uçqunlar bu ərazi üçün səciyyəvi sayılır. Əhalisinin sayı 75 min nəfər olsa da, hər il Andorra knyazlığına 10 mln. turist axın edir. Bask dilində “boş yer” mənası verən Andorra cazibədar turizm məkanı kimi dəyərləndirilir.

APA