Növbəti qrant müsabiqəsi elan olunacaq
18.3.2015

Yaxın iki ay müddətində Rabitə və Yüksək Texnologiyalar nazirliyi yanında İT-in İnkişafı Dövlət Fondu IKT layihələrin və startapların maliyyələşməsi ilə bağlı yeni qrant müsabiqəsi elan edəcək.

İT-in İnkişafı Dövlət Fondunun layihələr üzrə iş sektorunun müdiri Əkbər Abbasov  bildirib ki, növbəti müsabiqə ilə bağlı məsələlər yaxın vaxtlarda Müşahidə Şurasında müzakirə olunacaq.

Onun sözlərinə görə, müsabiqənin əsas istiqaməti Şuranın iclasından sonra tam bəlli olacaq.

Əkbər Abbasov İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi əvvəlki qrant müsabiqəsində qalib gələn layihələrin vəsaitlərinin ödənilməsi məsələsinə də münasibət bildirib.

O qeyd edib ki, ötən müsabiqədə qalib layihələrin vəsaitlərini indiyədək əldə edə bilməmələri qrantlarla bağlı qanunun hüquqi tərəfləri ilə bağlıdır və Fond qrant layihələri ilə bağlı Qaydaların təsdiqlənməsini gözləyir:

“Biz fond tərəfindən müsabiqələri elan etdikdən sonra Prezident İlham Əliyev tərəfindən qrant haqda qanun qəbul edildi, əlavə tədbirlər haqda da fərman imzalandı. Qeyd olundu ki, qrant verə bilən qurumlar siyahıda təsdiq olunsun və qeydiyyat formaları müəyyənləşdirilsin. Əvvəllər xüsusi qaydalar yox idi. Lakin indi vahid forma müəyyənləşir. Bununla bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Qrant layihələri ilə bağlı istiqamətlərin müəyyənləşməsini gözləyirik”.

Azərbaycan İnternet Forumunun rəhbəri, RYT Nazirliyi yanında İT-in İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının üzvü Osman Gündüz məsələ ilə bağlı bildirmişdi ki, müqavilələrin qeydiyyatı ilə bağlı qanunvericiliyə uyğun olaraq müvafiq qaydalar hazırlanmalıdır.

Xeberler.az