Bu gün xalq artisti Şəfiqə Məmmədovanın doğum günüdür.
Şəfiqə Məmmədova 1945-ci il martın 30-da Dağıstanın Dərbənd şəhərində doğulub.
Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsini bitirib (1968). Xalq yazıçısı Anar Rzayevin “Şəhərin yay günləri” pyesinin tamaşasındakı Dilarə roluna görə respublika Dövlət mükafatına (1980) və Rasim Ocaqovun çəkdiyi “İstintaq” filmindəki müstəntiqin arvadı obrazı üçün SSRİ Dövlət mükafatına (1981) layiq görülüb.
1968-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Aktrisa Uilyam Şekspirin “Hamlet” (Gertruda), Aleksandr Şirvanzadənin “Nakam qız” (Sona), Lev Tolstoyun “Canlı meyit” (Maşa), Çingiz Aytmatovun “Ana torpağı” (Cenşengülün arvadı), Hüseyn Cavidin “Xəyyam” (Sevda), Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” (Pırpız Sona), Fridrix Şillerin “Məkr və məhəbbət” (Ledi Milford), Yucin ONilin “Qızıl” (Süzen) faciələrində, İlyas Əfəndiyevin “Bağlardan gələn səs” (Gülcan), “Mənim günahım” (Nurcahan), “Məhv olmuş gündəliklər” (Anjel), Bəxtiyar Vahabzadənin “Yağışdan sonra” (Nihal), İmran Qasımovun “Nağıl başlananda” (Tahirə) lirik-psixoloji dramlarında, Mirzə İbrahimovun “Bəşərin komediyası və ya Don Juan” (Teadora), Maksim Qorkinin “Meşşanlar” (Yelena Nikolayevna), Səməd Vurğunun “İnsan” (Nataşa), Raço Stoyanovun “Qısqanc ürəklər” (Milkana), Cəfər Cabbarlının “Aydın” (Gültəkin), Nikolay Poqodinin “Zamanın hökmü” (İrina), Əkrəm Əylislinin “Yastı təpə” (Bəyaz) pyeslərində cazibədar səhnə obrazları yaradıb.
1980-ci ildə aktrisa Mədəniyyət və İncəsənət Universitetində (keçmiş Teatr İnstitutu) pedaqoji fəaliyyətə başlayıb.
Şəfiqə Məmmədova “Qaraca Qız” (Qız), “Dədə Qorqud” (Burla xatun), “İstintaq” (Gülya), “Bizim Cəbiş müəllim”, “Ad günü” (Fəridə), “Çarvadarların izi ilə” (Səriyyə) bədii filmlərinə çəkilib.
1974-cü ildə əməkdar artist, 1982-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.
1995-ci ildən 2000-ci ilədək Milli Məclisin deputatı olub.
2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilib. Şəfiqə Məmmədova aktyor Məmməd Məmmədovun bacısı, aktyor Ülvi Mehdinin anası, teatr rejissoru Mehdi Məmmədovun həyat yoldaşı olub.
Gun.az