Yaponiyanın “Maridao” şirkəti Apple iPhone 4 smartfonu üçün fövqəl qoruma gücünə malik çexol hazırlamışdır. İstehsalçı bildirmişdir ki, aksessuar 50 çaplı (12,7 mm) gülləyə davamlıdır.
Bir düym qalınlığında poladdan hazırlanmış korpusun arxa panelində kamera yuvası vardır. Korpusun armaturlu divarı boltlarla bərkidilir. Ayfonun qabaq divarı displey, dinamik və “Evə” düyməsi üçün yuvalar olan alüminium lövhə (ən zəif yeri) ilə örtülmüşdür.
Belə bir korpusu olan smartfonun “üzü bərk” olsa da, çexolunun bir sıra qüsurları vardır. Əvvələn, smartfonun çəkisi 137 qramdan 2,5 kiloqramadək artır, qalınlığı isə demək olar 40 millimetrə çatır. İkincisi, kameranın qoruyucu linzası üzündən bütün fotoşəkillər qapı gözlüyündən çəkilmiş şəkil effekti verir.
Smartfonun daha bir qüsuru onun qiymətidir. “Maridao”nun saytında bu aksessuarı 52 min 500 iyenaya (680 dollar) sifariş vermək olar. Həmin qiymətə pulsuz çatdırılma və kameranı qoruyan ehtiyat linza, həmçinin yalançı giliz daxildir.
AzərTAc