Bakıda milyon illik "Yumurta" təqdim olundu
2.4.2015

1 aprel Gülüş Günündə Bakıda "Yumurta" absurd komediyasının qala-gecəsi keçirilib.

Filmin ilk tamaşaçıları - məşhur aktyorlar, müğənnilər və teleaparıcılar oldu. Onlar KİV nümayəndələrinin suallarını cavablandırdılar. Filmin yaradıcı kollektivini təbrik edərək özlərinin layihələri haqda söz açıblar.

Filmin qəhrəmanları zala gəldikdə isə bütün diqqətlər onlara yönəlib. Jurnalistlərin əhatəsinə düşüblər. Aktyorlar film haqqında danışsalar da təfərrüatlar barədə söz açmayıblar. Bildiriblər ki, filmə baxanlar gülməkdən yıxılacaqlar.

Sonradan aktyorlar, ulduz qonaqlar və onların pərəstişkarları kinoteatrın ikinci mərtəbəsinə qalxıblar.

Nümayişdən əvvəl rejissor Ramil Adiloğlu, icraçı prodüser Pənah Eldaroğlu və aktyor Məcid Hüseynov kinoteatrın səhnəsindən qonaqları salamlayıblar.

Rrejissor Ramil Adiloğlu fantastik-absurd komediya, macəra və utopiya janrında çəkdiyi bu filmdə baş rolları xalq artisti Arif Quliyev, aktyorlar Nicat Rəhimov, Məcid Hüseynov, Fərda Xudaverdiyev, İlham Binəli, Elnur Hüseynov, Faiq Mirzə, Bəhram Bağırzadə, Ramin Hacıyev, Ələsgər Məmmədoğlu, Teymur Məmmədov və başqaları canlandırıblar.

Film arxeoloq Tapdığın qazıntılar zamanı tapdığı, milyon yaşı olduğu iddia edilən, yumurtadan bəhs edir. Tapdığın mülahizəsinə əsasən, qədim tayfa başçısı ona babalarından miras qalmış müqəddəs yumurtaları oğlu Duduya təqdim edir və onların ciddi qorunmasını tapşırır. Əks halda, yumurtalar sınarsa, böyük fəlakətin baş verəcəyini söyləyir. Təsadüfən Dudunun əlindən düşüb sınan yumurta onu indiki dövrə gətirir...

İyirmidən artıq aktyoru ətrafında birləşdirən “Yumurta” gülüş günündə tamaşaçıya maraqlı süjet və bol gülüş bəxş edib.

Filim aprelin 2-dən etibarən ölkənin bütün kinoteatrlarında nümayiş olunacaqdır.

Milli.Az