Startap Azərbaycan AzMİU toplantısı keçirilib - Foto
2.4.2015

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində Startap Azərbaycan layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib.

Görüşdə Elektron Hökumət Portalının və RYTN yanında İT-nin İnkişafına Dövlət Dəstək Fondunun da nümayəndələri iştirak edib.

Startap Azərbaycan Təşkilat Komitəsinin üzvü, AİF-in prezidenti Osman Gündüz tədbiri açaraq onun məqsədi haqqında və Startup Azərbaycan layihəsi haqqında geniş məlumat verib. O, Startap Azərbaycan layihəsinin əsas məqsədləri, layihə çərçivəsində hazırda davam edən müsabiqə qaydaları, müsabiqədəki yeni nominasiyalar haqqında, Startap Azərbaycan çərçivəsində həyata keçiriləcək tədbirlər, startupçılar üçün keçiriləcək təlimlərlə bağlı məlumatlar verib.

O, Startap Azərbaycan yekun təqdimat mərasiminin və finalçıların investorlarla görüşlərinin may ayının sonlarında keçiriləcəyini diqqətə çatdırıb.

Rabitə və Yüksək Texnologiyalar nazirliyi yanında İT-in İnkişafı Dövlət Fondunun layihələr üzrə iş sektorunun müdiri Əkbər Abbasov çıxış edərək Dövlət Fondunun həyata keçirdiyi layihələr, qrant müsabiqələri və qarşıda gözlənilən tədbirlər haqqında məlumat verib.

Görüşdə Elektron Hökumət Portalının nümayəndəsi Ruhəngiz Mehmanqızı portal haqqında, həmçinin Açıq Məlumatlar portalı və onun üzərində hazırlanacaq mobil tətbiqlər haqqında məlumat verib. O, bu məqsədlə Startap Azərbaycan çərçivəsində keçirilən müsabiqənin də davam etdiyini diqqətə çatdırıb

Toplantı diskussiya və tələbələrin sual-cavabları ilə davam etdirilib.

Startap Azərbaycan TK bildirir ki, yaxın müddətdə Azərbaycan Texniki Universitetində və Yüksək Texnologiyalar Parkında belə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Startap Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılmasına və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə İnternet biznes mühitini yaxşılaşdırmaq və investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.

Startap Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondu, Elektron Hökumət Portalının operatoru olan MHM və Yüksək Texnologiyalar Parkı dəstək verir.

Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.

İnfiPro, SİNAM , SMART Systems, Cybernet və Happy Baku şirkətləri Startup Azərbaycan-a dəstək verirlər.

Xeberler.az