Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2015” veloyürüşünün startına 21 gün qalır. Mayın 6-dan 10-dək keçiriləcək 5 günlük yarışda iştirakçılar ümumilikdə 870 kilometr məsafə qət edəcəklər.
Proqrama əsasən, velosipedçilər mayın 6-da Bakı-Sumqayıt (154 km), mayın 7-də Bakı-Qobustan-Şamaxı-İsmayıllı (187 km), mayın 8-də Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ (180 km), mayın 9-da Qəbələ-Ağdaş-Yevlax-Mingəçevir (205 km) marşrutu üzrə hərəkət edəcəklər. Mayın 10-da paytaxtda təşkil olunacaq sonuncu mərhələ (144 km) isə “Bakı-2015” ilk Avropa Oyunlarının marşrutu üzrə keçiriləcək.
Nüfuzlu “Eurosport” kanalı ilə əldə olunan razılığa əsasən, “Tour d’Azerbaïdjan-2015” veloyürüşünün 3-cü, 4-cü və 5-ci mərhələləri telekanal vasitəsilə canlı yayımlanacaq. İlk iki mərhələ isə yarım saatlıq icmal şəklində tamaşaçılara təqdim ediləcək. Veloyürüş başa çatdıqdan sonra “Eurosport” bütün mərhələlərdən bəhs edən daha bir icmal yayımlayacaq.
Qeyd edək ki, "Tour d’Azerbaïdjan-2015" veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayacaqlar.
azertag.az