Yer kürəsi daha bir asteroidin dağıdıcı zərbəsinə məruz qala bilər
14.4.2015

Planetimizə kosmosdan yeni təhlükə - 40 metr hündürlüyündə asteroid yaxınlaşır. Onun gücü Çelyabinsk meteoritinin dağıdıcı zərbəsindən xeyli çoxdur.

Bu barədə Texas universitetinin nəzdində olan Macdonald rəsədxanasının tədqiqatçısı doktor Cudit Ris bildirib. Onun sözlərinə görə, faciəvi toqquşma 2017-ci ilin oktyabr ayında baş verə bilər.

Alimlər 2012 TC4 adlı göy cisminin ölçüsünün hündürlüyünə görə təxminən Nyu-Yorkdakı Azadlıq heykəli böyüklüyündə bərabər olduğunu hesablayıblar. Müqayisə üçün deyək ki, məşhur Çelyabinsk meteoritinin diametri cəmi 17 metr idi. O, yer atmosferinə daxil olduqdan sonra demək olar ki, tamamilə dağılsa da, zərbə dalğasından 1,5 min nəfərdən çox insan xəsarət almışdı.

Lakin doktor Risin həmkarları ondan fərqli olaraq məsələyə optimist yanaşırlar. Onların fikrincə, asteroidin Yerlə toqquşması ehtimalı milyonda birdir.

Qeyd edək ki, asteroid 2012-ci ildə, planetimizdən 94 800 kilometr məsafədə keçən zaman aşkarlanmışdı.

azertag.az