Aprelin 15-də Azərbaycan Milli İncəsənət Muzeyində klassik musiqi ifaçılarının IV Beynəlxalq Müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olacaq.
Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən verilən məlumata görə, 12 aprel 2015-ci il tarixindən başlayaraq Bakı şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin və ISESCO-nun iştirakı, Bakı Musiqi Akademiyası və “Kainat” Gənclik Mərkəzinin birgə təşkilatçılığı ilə İslam Dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının IV Beynəlxalq Müsabiqəsinə start verilib.
Müsabiqədə Türkiyə, Misir, Rusiya Federasiyası, Qazaxıstan, Özbəkistan, İran, Qırğızıstan, İndoneziya və Azərbaycandan olan istedadlı gənclər iştirak edirlər.
Xatırladaq ki, 6 aprel 2015-ci il tarixdə Bakı Musiqi Akademiyasında Azərbaycandan olan iddiaçıların dinləmələri keçirilib. 14-15 aprel 2015-ci il tarixlərdə isə xarici ölkə iştirakçılarının kiçik və böyük yaş qruplarının, beynəlxalq tərkibli münsiflər heyətinin iştirakı ilə müsabiqənin təntənəli açılışı dinləmələrlə davam etdiriləcək.
Qaliblərin mükafatlandırılma mərasimi və Qala konsert 15 aprel 2015-ci il tarixdə saat 19:00-da Azərbaycan Milli İncəsənət Muzeyində baş tutacaq. Müsabiqə iştirakçıları və qaliblər xüsusi mükafat və diplomlar ilə təltif olunacaqlar.
Müsabiqənin mədəni proqramı çərçivəsində qonaqlar üçün yeni inşa olunmuş Heydər Məscidinə, Bayraq Meydanına və Bakı-Oksford məktəbinə ekskursiyalar təşkil olunacaq.
Gun.az