Alimlər gözün daltonizm xəstəliyinin yeni müalicə metodunu kəşf ediblər
15.4.2015

ABŞ-ın Vaşinqton Universitetinin mütəxəssisləri Ceyn və Maurin Neytz cütlüyü daltonizm göz xəstəliyindən əziyyət çəkənlər üçün cərrahi əməliyyat tələb etməyən müalicə metodu kəşf ediblər.

Dünyada hər on iki nəfərdən biri bu xəstəlikdən əziyyət çəkir. Əksər hallarda xəstəlik irsi xarakter daşıyır və ona əsasən gözün torlu qişasında və görmə sinirində yaranan qüsurlar səbəb olur. Qocalıq, qlaukoma, katarakta və ya diabetik retinopatiya kimi göz xəstəlikləri, gözün zədələnməsi, bəzi dərmanların yan təsirləri də daltonizmə gətirib çixara bilər.

Daltonizm xəstəliyinə 8 faiz kişilərdə, 0,5 faiz isə qadınlarda rast gəlinir. Buna səbəb daltonizmin X-xromosomla bağlı olan ötürülmə xarakteridir. Qızların genetikasında iki X xromosomu var ki, birində qüsur olduqda digəri onu kompensasiya edir. Oğlanlarda isə xromosomlar XY olduğu üçün daşıyıcı anadan oğula ötürülən xəstəlik hər bir halda özünü büruzə verir.

Alimlər ilk dəfə bu üsulu meymun üzərində təcrübədən keçiriblər. Onlar kəşf etdikləri virusu gözə inyeksiya vasitəsi ilə yeritməklə istədikləri nəticəni əldə ediblər. Belə ki, bu yolla gözün torlu qişası işığı qəbul edən sinir hüceyrələrinin qırmızı və yaşıl rəngi qəbul etməsi üçün lazımi zülalla təmin olunur.

Neytz cütlüyü yaxın iki il ərzində bu üsulun insanlara 1-2 seans ərzində fayda gətirəcəyini söyləyirlər.

azertag.az