Çanaqqala savaşına həsr edilən “Son məktub” filminin təqdimatı keçirilib
16.4.2015

“28 Cinema”da daha bir maraqlı, tarixi filmin nümayişi olub.
Söhbət Çanaqqala savaşının 100 illiyinə həsr edilən “Son məktub” filmindən gedir.

Nümayişdən öncə filmin yaradıcı heyəti mətbuat konfransı keçirib. Konfransda Türkiyənin Yunus Emre İnstitutu direktorunun müavini Şaban Çobanoğlu təmsil etdiyi təhsil ocağının fəaliyyətindən, bu qurum tərəfindən Çanaqqala savaşının 100-cü ildönümü münasibətilə təşkil edilən tədbirlərdən danışıb.

Filmin ssenari müəllifi və rejissoru Özhan Eren öncə ekran əsəri barədə məlumat verib. Daha sonra o, özünün əslən Şirvanlı olduğunu, filmdə iki azərbaycanlı aktrisanın rol aldığını diqqətə çatdırıb. Onlardan biri, baş rolun ifaçısı Nəsrin Cavadzadədir. Bu günədək 10 filmdə çəkilən aktrisamız indiyə kimi bir sıra prestijli kino mükafatlarına layiq görülüb. Filmə çəkilən digər azərbaycanlı isə müğənni Mina kimi tanınan Nərmin Hüseynovadır. O, filmdə azərbaycanlı tibb bacısını canlandırır.

Rejissor Çanaqqala döyüşünü əks etdirən filmin ssenarisinin yazılmasına yeddi il əvvəl başladığını diqqətə çatdırıb. Bildirilib ki, filmin ssenarisi Çanaqqala savaşı günlərindən qalma bir məktubun əsasında hazırlanıb.

Mətbuat konfransından sonra isə bir sıra dövlət rəsmiləri, ictimai-siyasi xadimlər və sənət adamlarının iştirakı ilə filmin nümayişi olub.

Nümayişdən öncə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkə başçısı İlham Əliyev cənablarının tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub.

Daha sonra səhnəyə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşqun çıxıb. O, İlham Əliyevə mərasim iştirakçılarına ünvanladığı məktubdan dolayı minnətdarlığını bildirib:

“Cənab İlham Əliyev özünün və Azərbaycan xalqının hər zaman Türkiyənin yanında olduğunu bir daha isbat etdi. Bundan 100 il əvvəl Çanaqqalada, Anadolu və xalqımız üçün ölüm-dirim mücadiləsi yaşandı. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk tabeliyində olan əsgərlərə hücumun da ötəsində, ölməyi əmr etmişdi. Mehmetçiklər də bu əmri şərəflə yerinə yetirdi. Bu savaşda türklərin yanında azərbaycanlı qardaşları da olub.1918-ci ildə olduğu kimi. Məhz bu vəsilə ilə də azərbaycanlı igid əsgərlər türkiyəli qardaşları ilə çiyin-çiyinə döyüşüblər, şəhidlik mərtəbəsinə yüksəliblər. Biz Azərbaycandan güc alırıq. Bu gücü tarix boyunca aldıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı daha da güclü bir şəkildə inkişaf etməkdədir”.

Daha sonra səhnəyə filmin ssenari müəllifi və rejissoru Özhan Eren və baş rol oyunçusu Nəsrin Cavadzadə çıxıblar.

Özhan Eren zalda əyləşənlərə “İnandırım sizi, ana vətənimə qovuşmağın coşğusu ilə dəqiqələrlə göz yaşı tökdüm”-deyib. Əlavə edib ki, əslən şirvanlıdır. O, daha sonra çəkdiyi tarixi dramından söz açıb:

“Canaqqala ilə bağlı ərsəyə gətirdiyimiz bu filmi dənizdə bir damla fərz edin. Azərbaycanlı qızların, tibb bacılarının bu savaş zamanı yaralılara, əsgərlərə necə şəfqət göstərməsi tarixə bəllidir. Ona görə də bu filmi hazırlamağa başladığım zaman mənim üçün ekran işində azərbaycanlı qızın rol alması vacib idi. İndiyə kimi özüm-özümdən soruşurdum ki, bu film Türkiyənindir, yoxsa Azərbaycanın? Amma bu gün tam qəlbimlə deyirəm ki, bu film azərbaycanlılarındır”.

Nəsrin Cavadzadə isə çıxışı zamanı qəhərlənib. Filmin indiyə kimi 100 ölkədə təqdimatı olduğunu önə çəkən aktrisa vətənində olmaqdan bir başqa qürur hissi keçirdiyini dilə gətirib:

“Bu axşam çox həyəcanlıyam, yarpaq kimi əsirəm. Çünki ilk dəfə doğulub, böyüdüyüm şəhərdə çəkildiyim belə bir möhtəşəm film nümayişə buraxılacaq. “Son məktub” dünyanın 100 ölkəsində nümayiş olunur. Amma heç biri mənim üçün Bakı, Azərbaycan qədər önəmli deyil. Bu torpaqlara çox təşəkkür edirəm. Məni dünyaya gətirən, böyüdən, mənə ən gözəl qohumları, dostları bəxş edən torpağa minnətdaram”.

Sonda tarixi dram janrında olan filmin nümayişi keçirilib. Türkiyə istehsalı olan filmdə əsas rollarda Tansel Öngel, Nəsrin Cavadzadə, Hüseyin Avni Danyal, Bülent Şakrak, Nərmin Hüseynova və Barbara Sotelsekin çəkildikləri ekran əsəri təyyarəçi Salih Ekrem ilə Nihal adlı tibb bacısının hekayətindən bəhs edir. Müharibənin ən çətin günlərində onlar Fuat adında kimsəsiz uşağı himayəyə götürürlər. “Kiçik qazi Fuat” ləqəbli bu uşaq Salih Yüzbaşı ilə tibb bacısı Nihalın arasındakı ölümsüz sevginin yeganə şahidi olur.

Qeyd edək ki, istehsalına 20 milyon türk lirəsi sərf edilən “Son məktub” indiyədək çəkilən filmlər arasında ən böyük büdcəsi olan ekran əsəridir.

Gun.az