Bank işi sahəsində ilk Azərbaycan-Amerika Forumu
16.4.2015

Nyu-Yorkda bank işi və maliyyələşdirmə sahəsində ilk Azərbaycan-Amerika Forumu keçiriləcək.

Bu barədə  Amerika-Azərbaycan Kommersiya Palatasından məlumat verilib.

Forum iştirakçıları regionun iqtisadi potensialını müzakirə edib qiymətləndirəcəklər.

Forum mayın 26-da Nyu-Yorkda Harvard Klubunda keçiriləcək.

Qərargahı Vaşinqtonda olan Amerika-Azərbaycan Ticarət Palatası tərəfindən regionun iki lider bankı – Azərbaycan Beynəlxalq Bankı və Paşa Bankın dəstəyi ilə keçiriləcək birinci Amerika-Azərbaycan Forumu bank işi və maliyyələşdirmə sahəsində ABŞ və Azərbaycan arasında münasibətlərin genişləndirilməsində həlledici rol oynayacaq vacib məsələləri müzakirə edəcək.

Dövlət məmurları, bank rəhbərləri, həmçinin beynəlxalq maliyyə icmalarının nümayəndələri regionun iqtisadi potensialını qiymətləndirəcək, neftin qiymətinin düşməsi fonunda regionda bank sənayesinin gələcəyi, regional dinamikanın dəyişməsi və onun kapital bazarı, beynəlxalq maliyyələşdirmə və özəl səhmdar kapitala təsirlərini müzakirə edəcəklər.

Forumun məqsədi regional məsələlər üzrə maarifləndirilmənin artırılması və əməkdaşlıq üçün imkanların araşdırılmasıdır.

Tədbirdə Amerika-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Syuzan Sadıqova, Palatanın həmsədri Bill Delahant, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Paşa Bankın İdarə Heyətinin sədri Fərid Axundov və digər tanınmış şəxslərin çıxışları gözlənilir.

www.oxu.az