Aprelin 24-də Azərbaycan Respublikasının Monteneqroda diplomatik nümayəndəliyi rəsmi fəaliyyətə başlamışdır.
Paytaxt Podqoritsa şəhərində nümayəndəliyin rəsmi açılış mərasimi keçirilmişdir.
Diplomatik nümayəndəlikdən bildirilmişdir ki, açılış mərasimində Monteneqronun dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri, ölkədəki diplomatik korpusun təmsilçiləri iştirak etmişlər. Azərbaycanın Monteneqrodakı səfiri Eldar Həsənov nümayəndəliyin binasının qarşısında Azərbaycan bayrağını qaldırmışdır.
Açılış mərasimi iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının dördüncü ildönümünə təsadüf edir. Belə ki, Azərbaycan ilə Monteneqro arasında diplomatik əlaqələr 2008-ci il aprelin 24-də qurulmuşdur. Son iki ildə əlaqələr dinamik şəkildə inkişaf edir və qarşılıqlı səfərlər intensiv xarakter daşıyır. Bu müddət ərzində Monteneqro Prezidenti Filip Vuyanoviçin, xarici işlər və Avropaya inteqrasiya naziri Milan Rocenin Azərbaycana ilk rəsmi səfərləri olmuşdur. Həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və iqtisadi inkişaf naziri Şahin Mustafayevin ötən il Monteneqroya ilk səfərləri həyata keçirilmişdir. Qısa müddətdə müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni və turizm sahələrində əməkdaşlığın möhkəmləndirilməsinə dair ikitərəfli 6 saziş imzalanmışdır və əməli əməkdaşlıq, tərəfdaşlıq əlaqələri möhkəmlənməkdədir.
Monteneqro Qərbi Balkan və Adriatik regionunda əlverişli coğrafi və strateji mövqeyə malikdir və Azərbaycan Respublikası ilə bütün sahələrdə dostluq, əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsində maraqlıdır. Cari ilin iyun ayında Monteneqronun Avropa İttifaqına üzv ölkə kimi qəbul olunması ilə bağlı danışıqlara başlanılmasına dair qərarın veriləcəyi və həmçinin yaxın gələcəkdə NATO-ya üzv olacağı gözlənilir.
AzərTAc