IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 18 mart tarixində start verdiyi “Hər kağızı bir yarpağa dəyişək” layihəsi ictimaiyyət tərəfindən geniş şəkildə dəstəklənməkdədir.
İctimai Birlikdən verilən məlumata görə, layihənin cəmi bir neçə həftə əvvəl başlamasına baxmayaraq, bir çox dövlət qurumu, özəl təşkilat və vətəndaş cəmiyyəti nümayəndələri kağız təhvil verilməsi prosesində fəallıq nümayiş etdirir. Bu xüsusda, 8 ton istifadə olunmuş kağızı təkrar emala təhvil verən Ədliyyə Nazirliyi və 10 ton kağız məmulatı təhvil vermiş Dövlət Sosial Müdafiə Fondunu qeyd etmək olar.
“Hər kağızı bir yarpağa dəyişək” layihəsinə uyğun olaraq, ölkə ərazisində bütün ASAN Xidmət Mərkəzlərində istifadə olunmuş kağız məmulatlarının yığılması üçün xüsusi konteynerlər quraşdırılıb.
Həmçinin, layihə çərçivəsində 300 kq–dan artıq kağız tullantılarının səyyar qaydada toplanılması üçün xüsusi nəqliyyat vasitələrinin göndərilməsi təmin oluna bilər. İstifadə olunmuş kağız məmulatlarını səyyar qaydada təhvil vermək üçün bu məqsədlə yaradılmış xüsusi qaynar xətlə əlaqə saxlamaq xahiş olunur (108 və ya 4976316).
“Hər kağızı bir yarpağa dəyişək” layihəsinin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Digər tərəfdən, layihə Respublikamızın ətraf mühitinin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təşviq etməyi hədəfləyir.
IDEA İctimai Birliyi dövlət qurumları, özəl təşkilatlar, qeyri-hökumət qurumları və vətəndaşları ətraf mühitin mühafizəsi naminə “Hər kağızı bir yarpağa dəyişək” layihəsində iştirak etməyə dəvət edir.
APA