Azərbaycanın məşhur turizm bilicisi vəfat etdi
17.4.2015

Bakı Turizm Peşə Məktəbinin direktoru Babayev Faiq Ələsgər oğlu vəfat edib.

Mədəniyyət və Turizm Nazirliyindən  verilən məlumata görə, Bakı Turizm Peşə Məktəbinin direktoru Babayev Faiq Ələsgər oğlu aprelin 17-də vəfat edib.

Babayev Faiq Ələsgər oğlu 1950-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildə M. Əzizbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub, texnoloq, mühəndis ixtisası üzrə həmin ali təhsil ocağını bitirib.

Faiq Babayev əmək fəaliyyətinə 1968-ci ildən ali təhsil aldığı Azərbaycan Neft və Kimya İnstitutunda başlayıb. 1976-77-ci illərdə 2 saylı Texniki Peşə Məktəbində komsomol katibi, 1977-81-ci illərdə Bakı Şəhər Komsomol Komitəsində Pioner və gənclər şöbəsində və Nərimanov Rayon Kommunist Partiyasında təlimatçı kimi çalışıb.

O, 1981-1993-cü illərdə Azərbaycan Respublikası Dövlət Texniki Nəzarət Şöbəsində mühəndis işləyib. 1993-2000-ci illərdə özəl şirkətdə rəhbər vəzifələrdə işləyib. Həmin ildən 2006-cı ilə qədər Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində Gənclik Beynəlxalq Turizm Mərkəzində direktor müavini, 2006-2012-ci illərdə isə mərkəzin direktoru vəzifələrində çalışıb.

2012-2013-cü illərdə Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbinin tədris istehsalat işləri üzrə direktor müavini, 2013-cü ildən isə həmin tədris ocağının direktoru vəzifəsində işləyirdi.

Ailəli idi, 3 övladı vardı.

Allah rəhmət eləsin!

Milli.Az