Rusiyanın Xanti-Maysiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin ikinci oyunlarına yekun vurulub. 1/4 final mərhələsinin 1 addımlığında Azərbaycan yığmasının üzvləri - Teymur Rəcəbov və Vüqar Həşimov fərqli nəticələr göstəriblər.
Belə ki, ilk matçda ağ fiqurlarla qələbə qazanan hər 2 qrossmeysterimizdən Teymur uğurlu çıxışını davam etdirib. O rusiyalı Dmitri Yakovenko ilə qarşılaşmada heç-heçə edərək, iki oyunun nəticəsinə görə (1,5:0,5) 1/4 finalda oynamaq hüququ qazanıb.
Lakin Rəcəbovdan fərqli, Həşimov növbəti mərhələyə yüksəlmək şansını tay-brekə saxlayıb. Danimarkalı Peter Xayne Nilsenə ilk görüşdə qalib gələn Vüqar bu gün özü mat olub və hesab bərabərləşib 1:1. Qeyd edək ki, tay-brek matçları sabah oynanılacaq.