Aprelin 21-də Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess-2015” turnirinin beşinci turu keçiriləcək. Qrossmeyster Şəhriyar Məmmədyarov bu turda ağ fiqurlarla eks-dünya çempionu Vladimir Kramniklə qarşılaşacaq. Digər təmsilçimiz Rauf Məmmədovun rəqibi isə autsayder Maykl Adams olacaq.
Beşinci turda həmçinin Vişvanatan Anand – Uesli So, Maqnus Karlsen – Maksim Vaşye-Laqrav və Fabiano Karuana-Aniş Girin də görüşləri olacaq.
Dörd turdan sonra turnir cədvəlində birinci yerdə 3,5 xalla Uesli So yer alıb. Onun ardınca Maqnus Karlsen (3 xal), Vladimir Kramnik (2,5 xal), Maksim Vaşye-Laqrav, Vişvanatan Anand (hərəyə 2 xal), Fabiano Karuana, Aniş Giri, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov (hərəyə 1,5 xal), Maykl Adams (1 xal) gəlirlər.
İştirakçılar üçün yeganə istirahət günü isə turnirin birinci yarısının sonunda - 5-ci oyun günündən sonra, yəni aprelin 22-də olacaq.
Həyatdan vaxtsız getmiş azərbaycanlı şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr edilən turnirdə müxtəlif ölkələrin 10 superqrossmeysteri iştirak edir. Vüqar Həşimovun II xatirə turniri aprelin 26-dək davam edəcək.
azertag.az