Yaz fəslinin qaçılmaz xəstəliyi: allergiyadan necə qurtulmalı?
22.4.2015

Müasir dövrdə insanlar arasında geniş yayılan xəstəliklərdən biri də allergiyadır.
Əvvəllər bu xəstəliyə az hallarda rast gəlinirdisə, indi hər 10 nəfərdən ikisi allergiyadan əziyyət çəkir.

Hətta Ümümdünya Səhiyyə Təşkilatı, son illər dünya əhalisi arasında geniş yayılan xəstəliklərin siyahısında 3-cü yerdə allergiya xəstəliyinin olduğunu açıqlayıb. Təşkilatın proqnozlarına görə, XXI əsr allergiyanın artması ilə müşayiət olunaraq, onun ən çox yayılmış xəstəliklər arasında ilk yeri tutması ilə nəticələnəcək.

Azərbaycanda da allergiya daşıyıcılarının çayı çoxdur. Xüsusilə də son bir neçə ildə onların sayı nəzərə çapracaq dərəcədə artıb.

Bu xəstəliyə gəlincə, düşünürsünüz ki, günah immunitetinizdədir və ən yaxşı soyuqdəymə əleyhinə preparatlar vasitəsi ilə müalicə olunmağa çalışırsınız. Amma kömək etmir? Deməli siz yaz allergiyasından əziyyət çəkirsiniz. Bəs onun təzahürlərinin qarşısını almaq üçün nə etməli?
İlk öncə allergiya haqqına qısa məlumat verək:

Allergiya –əlverişsiz qıcıqlandırıcıya qarşı orqanizmin immun sisteminin reaksiyasıdır, hansı ki, bu orqanizmə kənardan düşə bilər və yaxud da orqanizmin özündə inkişaf edə bilər. Allergik reaksiyalara meyl irsidir. Bundan başqa, bu xəstəlik istənilən yaşda görünə bilər. Ona görə də “allergiyanın qurbanları” riski qrupuna hər kəs düşə bilər.

Simptomların təzahürü üçün yalnız qıcıqlandıran amil kifayətdir. Bunlara aiddir: temperatur dəyişiklikləri, yüksək rütubət, çiçəkləmənin başlanğıcları, stress, yeni dərmanların qəbulu və s.

Allergiya üç növ olur: təmas, qida və tənəffüs. Ancaq tez-tez allergik reaksiyalara meylli olan insanlar müxtəlif qıcıqlandırıcıların təsirindən diskomfort hiss edirlər. Bəzilərinizdə qoxulara qarşı yüksək həssaslıq ola bilər. Bu halda müəyyən qida məhsullarının istifadəsi vaxtı qaşınma və bəzi səthlərə toxunma vaxtı toxumalarda ödem, yəni şişkinliklər əmələ gələ bilər.

Xəstəliyin kəskinləşmə vaxtı bəzi ağırlaşmalar ola bilər, hansı ki, bu da uzunmüddətli müalicə tələb edir. Allergiyanın ağırlaşmaları bəzi ciddi xəstəliklərə yol açır - bronxial astma, kvinke şişi, atipik bronxit.

Allergiyanın təzahürləri ilə barışmaq olmaz. Ümid etmək lazım deyil ki, nə vaxtsa simptomlar öz-özünə keçib gedəcək, əksinə daima müalicə vasitələrini axtarmaq lazımdır.
Yaz allergiyasının səbəbləri:

Yaz allergiyası pollinoz adlandırılır – “polli” latın dilində tərcümədə tozcuq mənasını verir, hansı ki, əsas səbəblərdən biri elə budur. Nəzərə alsaq ki, çiçəkləmə bir qayda olaraq apreldə başlanır, ona görə də yaz allergiyasının əsas piki də bu aya düşür. Bunun üçün də yaz çiçəklərindən bir az qorxmaq lazımdır. Çünki xəstəliyinizin səbəbi bu çiçəklər ola bilər.

Allergiya törədən yüzlərlə bitkilər var. Onlardan Tozağacının tozcuğu, qızılağaclar, ağcaqayın, fındıq ağacı, göyrüş, qarağac, akasiyaların çiçəkləri daha xırdadır və bir o qədər də təhlükəlidir. Həssaslığın yüksəlməsi, həmçinin böyük tozcuqlu çiçəklərin -məsələn iynəyarpaqların çiçəklənməsi zamanı da baş verə bilər.

Qeyd etmək lazımdır ki, pollinoz yay ayılarında - inciçiçəyinin, yovşanın, lavandanın və başqa bitkilərin çiçəklənməsi vaxtı da görünə bilər. Ona görə də allergik xəstələr çətin ki rahat nəfəs alsınlar, bunun üçün ondan azad olmağın yollarını fikirləşmək, müalicəni düzgün və davamlı şəkildə aparmaq lazımdır.

Çətin ki, siz özünüzü ətraf mühitin gözəlliklərindən - çiçəklərdən, ağaclardan məhrum edə biləcəksiniz. Amma pollinozun çətinliklərindən qaçmaq üçün özünüzə bir neçə qayda hazırlamaq, müalicəni vaxtında edib özünüzü qorumalısınız.

Onu da deyək ki, bundan başqa, allergen rolunu müxtəlif qida maddələri (çiyələk, yumurta, şokolad, balıq və s.), kosmetik vasitələr, məişət tozu, çiçəklərin tozcuğu, parfümeriya, kimyəvi boyalar, dərmanlar və digər adi maddələr də oynaya bilər. Əlbətdə ki, sadalan bu maddələr heç də insanların hamısında allergik reaksiyaya səbəb olmur. Allergiyadan əziyyət çəkən şəxslərin immun sistemi, orqanizm üçün əksər hallarda zərərsiz olan müəyyən yad maddələrə qarşı qeyri-adekvat şəkildə - hiperreaksiya verir ki, bu da “allergik reaksiya” adlanır. Allergik reaksiyalar özlərini müxtəlif şəkildə – adi zökəm, asqırmaq, səpkilər, gözlərdə yanma hissiyyatından başlayaraq, bəzi hallarda hətta insanın ölümünə də səbəb ola bilən ən agır allergik reaksiya olan anafilaktik - şok şəklində də göstərə bilərlər.

İmmun sistemi belə bir “qərara” gəlir ki, insan üçün ən qorxulu “zəhər” tozağacı çiçəklərinin tozlarıdır və yazda bu ağac çiçəklənməyə başlayanda orqanizmi ondan aktiv şəkildə “qorumağa” başlayır. Bu mübarizənin xarici təzahürləri isə gözlərin yaşarması, asqırmaq, burun tənəffüsünün çətinləşməsi, burundan aktiv şəkildə seliyin xaric olunması kimi əlamətlər olur.

Allergiya müalicə olunmadığı təqdirdə, bir müddət sonra allergik xəstəlik inkişaf edə bilər.

Bronxial astma, allergik rinit, dərman və qida allergiyaları allergik xəstəliklərinə aiddirlər.

Hazırki elmi biliklərə əsasən, sonradan allergik xəstəliyin inkişafına səbəb ola biləcək allergiyanın aşağıdakı əsas səbəbləri qeyd edlir:

- İrsi meyillilik. Elmi cəhətdən sübut edilmişdir ki, allergiyaya meyillilik, valideynlərdən onların uşaqlarına da ötürülə bilər. Əgər valideynlərin hər ikisində allergiya olarsa, onların övladlarında allergiyanın inkişaf etməsi ehtimalı 80%-ə çatır.

- Tez-tez baş verən (xüsusən də uşaq yaşlarında) infeksion xəstəliklər gələcəkdə allergiyanın inkişaf etməsi üçün zəmin (şərait) yaradır.

- Məişət şəraitinin həddindən artıq dərəcədə steril olması. Çox qəribə də olsa, insanların həddindən artıq dərəcədə steril mühitdə yaşaması, infeksion törədicilərlə nadir hallarda təmasda olması, immun reaksiyaların allergiyaya tərəf meyillənməsinə şərait yaradır. Məhz buna görə allergiyalar kənd yerlərində yaşayanlara nisbətən şəhərdə yaşayan sakinlər arasında daha tez-tez təsadüf olunur. Allergiyanın sosial səviyyəsi yüksək olan əhali arasında daha geniş şəkildə yayılması da məhz bununla izah olunur.

- Ekoloji faktorlar. Müasir sivilizasiyanın “inkişafı” ona gətirib çıxarmışdır ki, insan doğulan gündən müxtəlif çoxsaylı kimyəvi maddələrlə təmasda olmağa başlayır. Belə ki, qəbul etdiyimiz qidaların tərkibində bioloji aktiv maddələr, antibiotiklər, hormonlar və s. kimyəvi maddələr vardır. İnsana həmçinin daim elektromaqnit şüaları da təsir edir. Belə təsir isə əlbətdə ki, izsiz keçib getmir. Allergik pozulmaların artması da bunu bir daha təsdiq edir.

- Daxili orqanların xəstəlikləri. Bəzi hallarda, daxili orqanların (məsələn, mədə-bağırsaq traktı, qara ciyər, endokrin, sinir sistemləri və s.) fəaliyyətində olan pozulmalar da allergiyanın inkişaf etməsinə təkan verir.

- Sress–allergiyanın inkişaf etməsində əsas faktorlardan biridir. İstənilən stressdən sonra immun sisteminin fəaliyyəti “səhv” istiqamətdə gedə bilər. Və bunlar heç də boş sözlər deyil. Amerika psixoloqları sübut edirlər ki, əgər hamiləlik dövründə ana daim qorxu, həyəcan, emosional gərginlik vəziyyətində olarsa, bu halda 80 faiz dəqiqliklə demək olar ki, gələcəkdə doğulacaq uşaq allergiyalı olacaq. Böyük yaşlarda isə allergiya bir çox hallarda xroniki stressə cavab olaraq yaranır.

- Allergiyaların sayının artmasının səbəblərindən biri kimi – orqanizmə lazım olan xeyirli qida maddələrinin kifayət qədər daxil olmaması fikridir. Bizim orqanizmimiz çox böyük bir biokimyəvi laboratoriyadır ki, bu da hər dəqiqə ərzində orqanizmə ən müxtəlif qida maddələrinin daxil olmasını tələb edir. Bu qida maddələrindən təkcə birinin uzun müddət ərzində çatışmaması da allergik reaksiyanın inkişaf etməsinə səbəb ola bilər. Xüsusən də bu, vitaminlərə və mikroelementlərə aiddir.

Bunlar ancaq allergiyanın səbəblərinin ən çox yayılmış və tanınmış nəzəriyyələridir. Əlbəttə, allergiyanın yaranmasında onların hər birinin öz yeri vardır. Məsələn, allergik xəstəliklərə irsi meyilliliyi olan şəxs ekoloji vəziyyəti pis olan şəhərdə yaşayır və daim stresslərə məruz qalır. Bu halda, böyük əminliklə demək olar ki, bu adamın immun sisteminin fəaliyyətində müxtəlif pozulmalar, həmçinin allergiya meydana çıxa bilər.

Allergik reaksiyanın yaranmasının qarşını almaq üçün ən yaxşı üsul – allergenlə təmasdan uzaq olmaq və ya heç olmasa bu təmasları minimuma endirməkdən ibarətdir.

Gun.az