Səhnəmizin “Qaçaq Nəbi”sinin doğum günüdür
24.4.2015

Bu gün Azərbaycanın böyük sənətkarı, xalq artisti Həsənağa Turabovun doğum günüdür.
Həsənağa Turabov 1938-ci il aprelin 24-də Bakıda anadan olub.

1956-1960-cı illərdə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda Mehdi Məmmədovun kursunda aktyorluq təhsili alıb. O, institutu bitirdikdən sonra Akademik Milli Dram Teatrına qəbul edilib. Teatr və kinoda bir sıra obrazlar yaradan Həsənağa Turabov sənətdəki uğurlarına görə, xalq artisti adına layiq görülüb.

“Şöhrət” ordeni, Avropa Türk Kültür İslam birliyinin qızıl medalı ilə təltif olunub. 15 il Akademik Milli Dram Teatrına rəhbərlik edən Həsənağa Turabov, ömrünün son günlərinə qədər Teatr Xadimləri İttifaqının sədri olub.

Həsənağa Turabov Azərbaycanın səhnə əsərində 100-dən artıq rol oynayıb. Mərhum sənətkar “Yeddi oğul istərəm” filmindəki Gəray bəy obrazı, “Atları yəhərləyin” filmindəki Qaçaq Nəbi obrazı ilə əbədi olaraq tamaşaçıların yaddaşlarında yaşayır.

Azərbaycan kinematoqrafiyasının inkişafında da Həsənağa Turabovun xidmətləri böyükdür. Aktyorun bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində yaratdığı maraqlı və yaddaqalan surətlər onun aktyor həyatının böyük bir hissəsini təşkil edib. Onun iştirakı ilə çəkilmiş filmlər tamaşaçılar tərəfindən həmişə böyük maraqla qarşılanıb və Azərbaycan kinematoqrafiyasının qızıl fonduna əbədi daxil edilib.

Görkəmli sənətkar 2003-cü il fevralın 23-də uzun sürən ürək çatışmazlığı xəstəliyindən sonra 65 yaşında dünyasını dəyişib.

Gün.Az