“Elmə investisiyalar - elmtutumlu iqtisadiyyatın drayverləri” mövzusunda beynəlxalq dialoq keçiriləcək
24.4.2015

Mayın 27-də Qazaxıstanda “Milli Elmi-Texniki İnformasiya Mərkəzi” Səhmdar Cəmiyyəti tərəfindən “Elmə investisiyalar - elmtutumlu iqtisadiyyatın drayverləri” mövzusunda beynəlxalq elm və biznes dialoq meydançası keçiriləcək.

AMEA Elmi İnnovasiyalar Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, dialoq meydançasının keçirilməsində məqsəd Mərkəzi Asiyanın aparıcı elmi-texniki tədqiqat institutlarının, ali təhsil müəssisələrinin maraq doğuran kommersiya xarakterli innovasiya layihələrini investorlar tərəfindən maliyyələşdirilməsidir.

Mərkəzin “S2B” (Science-To-Business) bazasında ilk dəfə keçiriləcək bu tədbirdə investisiya kompaniyalarının, sənaye müəssisələrinin, biznes assosiasiyalarının, maliyyə institutlarının, vençur fondlarının, inkişaf institutlarının, kütləvi informasiya vasitələrinin rəhbərlərinin iştirakı gözlənilir.

Potensial investorların, inkişaf institutlarının və kütləvi informasiya vasitələrinin iştirakı ilə keçiriləcək tədbirlərin yekunu olaraq gələcəkdə maliyyələşdirilməsi və tətbiqi üçün innovasiya layihələri seçiləcəkdir.

Kommuniaktiv tədbir çərçivəsində Avropa İttifaqının tədqiqatlar və innovasiyalar üzrə “Horizont 2020” Proqramının layihəsi təqdim olunacaqdır. Layihədə Aİ-nin 18 prioriteti açıqlanacaq, yüksək səviyyədə tamamlanmış ETTKİ-lər üçün qrant maliyyələşdirilməsinin tələbləri və mexanizmləri göstəriləcəkdir.

Maraqlananlar 30 aprel tarixinə kimi iştirakı və layihəsinin mövzusu haqqında məlumat bildirməlidirlər. Layihənin materialları isə mayın 5-dək göndərilməlidir.

Xeberler.az