“Bakı-2015” I Avropa Oyunlarının məşəli alovlandırılıb - Video
27.4.2015

Dünən Bakıda I Avropa Oyunlarının məşəli alovlandırılıb.
Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iştirak ediblər.

Azərbaycan prezidenti İlham Əliyev və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə çıxış ediblər.

Prezident İlham Əliyev ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin müşayiəti ilə Oyunların məşəlini alovlandırıb.

Dövlət başçısı məşəli “Bakı-2015” Avropa Oyunlarının ilk məşəlçisi, Olimpiya çempionu Rəfiqə Şabanovaya verib.

Qeyd edək ki, məşəl iyunun 6-na qədər Azərbaycanın 15 bölgəsindən keçəcək.

Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub, hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Məşəl Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.
Video

APA