Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib
27.4.2015

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 26-da 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.

TQDK-nın mətbuat xidmətindən  verilən xəbərə görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 17 imtahan mərkəzində aparılıb. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanıb və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb.

İmtahanın idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib. Müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb. İmtahan bütün mərkəzlərdə təlimata uyğun keçirilib, bakalavrların öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Aprelin 27-dən etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq, nəticələrin yaxın günlərdə elan olunması nəzərdə tutulur. Nəticələrin elan olunmasına dair ilkin məlumatlar TQDK-nın səhifəsində veriləcək.

APA