Neft ehtiyatların tükənməsi istehsalçıları alternativ enerji ilə işləyən avtomobillər hazırlamağa vadar edir. Ən optimal variant kimi hibrid mühərriklər (daxili yanma mühərriki generatoru işə salır, avtomobil isə sırf elektriklə hərəkət edir) və elektromobillər təklif edilir. Lakin bu proses də özlüyündə böyük xərc tələb edir. Lakin ideyalar tükənmir.
Amerikanın “Laser Power Systems” (LPS) şirkəti avtomobillərin nüvə mühərrikləri ilə təchiz edilməsini təklif edib. Şirkətin bu yaxında yaydığı məlumata görə, 8 qram torium metalı 1 avtomobilin 480 000 km yol qət etməsi üçün kifayətdir. Burada da avtomobil elektriklə hərəkət edəcək, nüvə reaktorunun işi isə elektrik hasil etməkdir.
Mütəxəssislər nüvə məsələsində ehtiyat etsələr də, LPS mütəxəssisləri başqa cür düşünür. Onların fikrincə, nazik alüminium təbəqə toriumu izolyasiya etmək üçün kifayətdir.
2 il əvvəl “Cadillac” şirkəti “World Thorium Fuel Concept” modelini nümayiş etdirib.
Xatırladaq ki, 1828-ci ildə kəşf edilən torium az radioaktiv metaldır və yer qabığında tez-tez rast gəlinir (1 ton süxurda 8-13 qram).